Jurnalistlər Gəncədə tarixi abidələri ziyarət edib
01 dekabr 2015 16:37 (UTC +04:00)

Jurnalistlər Gəncədə tarixi abidələri ziyarət edib

Noyabrın 29-da Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səfir olsaydım - Azərbaycanı necə təbliğ edərdim?” adlı layihəsi çərçivəsində jurnalistlər Gəncəyə səfərin ikinci günü şəhərin tarixi memarlıq abidələri, müasir dövrdə tikilən çoxsaylı obyektlərə baş çəkiblər. Lent.az-ın məlumatına görə, media nümayəndələri öncə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və Nizami Muzey Kompleksini ziyarət ediblər. Muzeylə tanışlıq zamanı Nizaminin bir sıra xarici ölkələrdən gətirilmiş XIV-XV əsrlərdə köçürülmüş əl yazmalarının foto surətləri media nümayəndələri tərəfindən maraqla qarşılanıb.

 

Həmçinin, Gəncənin 2016-cı il “Gəncə Avropa Gənclər Paytaxtı”na hazırlıq fonunda jurnalistlər turistlər üçün maraqlı olacaq bir çox obyektlərə baş çəkib, Gəncə Qala Qapıları, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi və Nizami Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi kimi yeni tikililər, Gəncə Dövlət Kukla Teatrının, İmamzadə Muzey Kompleksinin binası əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olublar.

 

Media nümayəndələrinin diqqətini daha çox inşasına 2012-ci ildə başlanan Qala Kompleksi çəkib. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qalanın hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin sələfləri və xələflərinin şəkillərindən ibarət qalereya yaradılıb. Burada Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulub. Muzeyin sağ tərəfində isə Gəncənin hərb tarixi muzeyi yaradılıb. Gəncənin tarixi, etnoqrafiyası, arxeologiyası öz əksini tapıb. Burda dulusçuluq, xalçaçılıq, misgərlik nümunələri, Azərbaycanın milli geyimləri bu qala muzeyində sərgilənir. Eyni zamanda qalanın üzərində Gəncənin tarixi panolar şəklində öz əksini tapıb. Kompleksdə həm turistlərin rahatlığını təmin etmək, həm də Gəncənin qədim və zəngin süfrə mədəniyyətini, qonaqpərvərlik ənənələrini yaşatmaq məqsədilə qalanın dördüncü mərtəbəsində Azərbaycanın milli mətbəxi də yaradılıb. Muzeydə həmçinin Gəncədə mövcud olan ölkə üçün ilk dövlət əhəmiyyətli qədim tikililərin rəsm və fotoları nümayiş etdirilir.

 

Tikilinin möhtəşəmliyi kompleksin bütün mərtəbələrində özünü göstərir. Yeraltı muzey və tunel isə kompleksə xüsusi effekt verir. Uzunluğu 62 metr olan tunel qalanın 2 hissəsini birləşdirir. Qalanın ikinci hissəsində isə ölkəmizin müxtəlif regionlarına məxsus geyimlər və bəzək əşyaları nümayiş olunur. Burada Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında tərtib edilən, müxtəlif bölgələrə aid 120-dən artıq qiymətli arxeoloji eksponat sərgilənir.

 

Səfərin sonuncu günü jurnalistlər ərazisi 6.732 hektar olan “Göy-göl İstirahət Turizm Kompleksi”nə səfər ediblər. Qeyd edək ki, bu, Azərbaycanda yaradılan ilk qoruqdur.

 

Sonda media nümayəndələri, Gəncə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevlə də görüşüblər. Müzakirələr zamanı Gəncənin yenidən inşa edilən, qədim memarlıq abidələrinin yenidən restavrasiya olunması, Gəncənin muzeylər şəhərinə çevrildiyi vurğulanıb. Bildirilib ki, şəhərin ən görkəmli komplekslərindən biri də Heydər Əliyevin adını daşıyan park və parkın içində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzidir.

 

Qeyd edək ki, növbəti səfər İsmayıllı rayonuna olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar