Elm və texnologiyalar sahəsində dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən tətbiqi və innovasiya xarekterli ixtiraların, texnologiyaların yaradılması, həmçinin ölkəmizdə elmin, yaradıcılığın, iqtisadiyyatın aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndislərin və təsərrüfat subyektlərinin daha yaxından cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasınn Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri əsasında “İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin keçirilməsi Qaydaları” təsdiq edilib.
Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, müsabiqədə məqsəd ixtiraların, yeni texnologiyaların yaradılmasının həvəsləndirilməsi, ixtiraçılıq fəaliyyətinin və innovasiyaların stimullaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi, perspektivli patentlərdən istifadə hallarına köməklik göstərilməsindən ibarətdir.
Müsabiqə hər il aprel ayında müxtəlif nominasiyalarda, müsabiqə keçirilən ildən əvvəlki ildə qeydiyyata alınan və qüvvədə olan ixtira patentləri üzrə Komitədə yaradılan Təşkilat Komitəsi tərəfindən təşkil olunaraq keçiriləcək. İxtiraçılıq sahəsində nailiyyətlərə görə ilk Respublika Müsabiqəsinin 2012-ci ildə qeydiyyata alınan və qüvvədə olan ixtira patentləri üzrə keçirilməsi nəzərdə tutulub. Sənəd qəbulu cari ilin 2 sentyabr tarixindən başlanacaq.