İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyri Bakı Ali Neft Məktəbində professor-müəllim və tələbə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, rektor Elmar Qasımov bildirib ki, İSESKO-nun baş katibinin ali təhsil müəssisəsinə gəlməsindən kollektiv qürur hiss keçirir. Rektor qonağa Neft Məktəbinin yaranma tarixi, təhsil ocağının əsas hədəfləri haqda məlumat verib.
Daha sonra çıxış edən Əbdüləziz bin Osman əl-Tüveyri Azərbaycanla əlaqələrin inkişafından söhbət açıb. Baş direktor beynəlxalq təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafında prezident İlham Əliyev və ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini xüsusi qiymətləndirib.
Tədbir çərçivəsində “İslam Dünyası Universitetləri Federasiyası” və BANM arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə “Əməkdaşlıq Protokolu” imzalanıb.