Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) yeni layihəyə start verib.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində universitet əməkdaşları universitetə savadlı gənclərin cəlb edilməsi məqsədi ilə Bakının ən aparıcı məktəblərinə səfər edərək, yuxarı sinif şagirdləri ilə görüşlər keçirir. Artıq layihə çərçivəsində Bakıda yerləşən “İstək” liseyi, Nəsimi rayon 1 və 54 saylı tam orta məktəblərinə səfərlər təşkil edilib.
Görüşlərdə şagirdlərə İqtisad universiteti haqqında ətraflı məlumat verilib, tətbiq olunan yeniliklərdən danışılıb. Bildirilib ki, ADİU tələbə sayına görə ölkənin ən böyük ali təhsil ocağıdır.
Bundan başqa, şagirdlər universitetdə fəaliyyət göstərən SABAH Qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu İqtisad universitetində əldə etmək imkanını xüsusi maraqla qarşılayıb. Əlaçı tələbələr üçün nəzərdə tutulan daxili təqaüd proqramları da məktəblilərin diqqətinə çatdırıb.
Sonda şagirdlərə ADİU haqqında ətraflı məlumatı əks etdirən bukletlər paylanıb və tanıtım videoçarxı nümayiş etdirilib.
Qeyd edək ki, görüşlər mart ayı boyunca digər məktəblərdə də davam etdiriləcək