QHT-lər arasında «İmam Xomeyni İmdad Komitəsi», «Norveç Qaçqınlar Şurası», İsrailin «Soxnut» Ümumdünya Yəhudi Agentliyi, «İnternews Network»un Azərbaycan nümayəndəliyi və digərləri var
Azərbaycanda fəaliyyət göstərən və illik maliyyə hesabatlarını təqdim etməyən xarici qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndəlik və filiallarının adı və sayı açıqlanıb.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən və illik maliyyə hesabatlarını təqdim etməyən xarici qeyri-hökumət təşkilatlarının nümayəndəlik və filiallarından 71-i illik maliyyə hesabatlarını təqdim etməyib.
Həmin təşkilatlar arasında İran İslam Respublikasının «İmam Xomeyni İmdad Komitəsi»nin Azərbaycan nümayəndəliyi, Böyük Britaniyanın «Feed the Children» humanitar təşkilatının nümayəndəliyi, Böyük Britaniyanın «İslam köməyi» humanitar təşkilatının nümayəndəliyi, İsrailin «Soxnut» Ümumdünya Yəhudi Agentliyinin nümayəndəliyi, Norveçin «Norveç Qaçqınlar Şurası»nın nümayəndəliyi, Fransanın «Ekilibr» Humanitar Təşkilatının nümayəndəliyi, «Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti Federasiyası» təşkilatının nümayəndəliyi, Yunanıstanın «Dünya həkimləri-Yunanıstan» humanitar təşkilatının nümayəndəliyi, Rusiyanın «Ümumdünya İslam Gənclər Assambleyası» təşkilatının nümayəndəliyi, Səudiyyə Ərəbistanın «Beynəlxalq İslam Nicat Təşkilatı»nın nümayəndəliyi, “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH”-ın nümayəndəliyi, ABŞ-ın Kaliforniya Ştatının «İnternews Network» humanitar təşkilatının nümayəndəliyi, Türkiyə Respublikasının Qızıl Aypara Cəmiyyətinin nümayəndəliyi və digərləri var.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Maliyyə Nazirliyi QHT-lərə və siyasi partiyalara xəbərdarlıq edib.
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.
Qaydaya əsasən, QHT üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edilməlidir.
QHT illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir.
Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulur.