Prezident İlham Əliyev bu gün Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub. APA-nın məlumatına görə, dövlət başçısı Mərkəzin maketinə və layihəsini əks etdirən filmə baxıb.
Məlumat verilib ki, Mərkəzin tikintisinə 2013-cü ilin mayında başlanıb. Orijinal layihə əsasında tikilən Mərkəzdə inşaat işləri sürətlə davam etdirilir. Üçmərtəbəli binanın ümumi sahəsi 7 min 500 kvadratmetrdir. Binanın zirzəmisində avtomobil dayanacağı, yeməkxana və texniki avadanlıq üçün otaqlar fəaliyyət göstərəcək. Mərkəzdə ümummilli liderin möhtəşəm büstü ucaldılacaq. Yeni Mərkəzin yaradılması Oğuzda Heydər Əliyevin zəngin irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayacaq. Fotoguşədə isə ümummilli liderin uşaqlıq, yeniyetməlik, tələbəlik illərini, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrlər, eləcə də 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti və sonradan Azərbaycan prezidenti olduğu dövrdə xarici və yerli səfərlərinin ayrı–ayrı məqamları əksini tapacaq.
Diqqətə çatdırılıb ki, binanın birinci mərtəbəsində muzey, VİP kabinet, kafe-internet, 3D kinozalı olacaq. İkinci mərtəbədə xalçaçılıq və Alban tarixi muzeyləri, kafe-salon, müşavirə otaqları, rəqs və dizayn studiyaları, poliqrafiya emalatxanası, sərgi salonu və digər köməkçi otaqlar fəaliyyət göstərəcək. Üçüncü mərtəbədə isə milli rəqs studiyası, iki kitabxana, ədəbiyyat, heykəltəraşlıq, kulinariya, kompyuter, xarici dil dərnəkləri üçün otaqlar və inzibati otaqlar yerləşəcək. İnşaat işləri Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi və Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin sifarişi ilə Azərbaycan İnşaat və İnvestisiya Qrupu tərəfindən aparılır. Tikinti işlərinin 2014-cü ilin sonunadək başa çatdırılması və Mərkəzdə 25-30 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
Prezident İlham Əliyev Mərkəzdə tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.