Azərbaycan şou-biznesində müğənnilərin əksəriyyəti gündəmdə qalmaq üçün ya böyük layihələr gerçəkləşdirir, ya da qalmaqal yaradırlar. Bir çox məşhurlar qalmaqalın reklamın ən ucuz yol olduğunu söyləsələr də, bundan istifadə etməyi özlərinə ar bilmirlər. Məsələn, Aygün Kazımova bir müddət öncə “İnstagram” səhifəsində İlhamə Quliyevanın, Brilliant Dadaşovanın və Nadir Qafarzadənin şəkilini paylaşaraq onlar barəsində iradlar, hətta təhqirlər yazıb. Bir məşhurun başqa bir sənətçinin şəkilini paylaşması Azərbaycan qanunlarına ziddirmi? Lent. az bununla bağlı kiçik bir araşdırma aparıb.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz mövzu ilə bağlı Lent. az-a bunları söyləyib: “Buna ilk növbədə hüquqi qiymət verilməlidir. Kiminsə başqa birisinin şəklini paylaşmasında problem görmürəm. Amma şəklə xoşagəlməz şərh yazırsa, artıq buna hüquqi müstəvidə baxılmalıdır.
Bakı Hüquq Mərkəzinin (BHM) məsləhətçisi Dünyamin Novruzov isə Lent. az-a bildirib ki, bir şəxsin razılığı olmadan fotosunun sosial şəbəkədə yayılması hüquqa ziddir: “Buna həmin şəxsin razılığı olmalıdır. Konstitusiyasının 32-ci maddəsinə görə, hər bir şəxsin toxunulmazlıq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin maddənin III hissəsinə görə, öz razılığı olmadan kiminsə şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol vermək olmaz. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs izlənilə, kiminsə video və fotosu çəkilə, səsi yazıla bilməz. Bu kimi hallarda şəxsi hüquqlara müdaxilə edilib-edilməməsini bilmək üçün faktiki hallar əhəmiyyət kəsb edir. Məsələn, fotoşəkilin hansı şəraitdə (hər hansı ölkə əhəmiyyətli və ictimaiyyətə açıq tədbirdə, yoxsa şəxsin istirahət üçün getdiyi restoranda) çəkilməsi, fotosu çəkilmiş və yayılmış adamın tanınmış olub-olmaması, şəklin yayılmasında məqsədin nədən ibarət olması və s. Şəxs fotoşəkilinin icazəsiz yayılmasına, onun şərəf və ləyaqətini aşağılayan şərhlərə görə məhkəməyə müraciət edə və bu hərəkətlərə son qoyulması, üzr istənilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıra bilər.