2026-cı il futbol üzrə dünya çempionatında nadir hadisə yaşanıb.
Sportingnews xəbər verir ki, turnirin qrup mərhələsində keçirilən dörd oyunun hamısı heç-heçə başa çatıb və bununla da dünya çempionatları tarixində 68 ildən sonra ilk belə nəticə qeydə alınıb.
Bazar ertəsi keçirilən bütün qarşılaşmalar qalib müəyyənləşmədən yekunlaşıb. İspaniya Kabo-Verde ilə qolsuz heç-heçə edib. Belçika və Misirin görüşündə 1:1 hesabı qeydə alınıb. Səudiyyə Ərəbistanı ilə Uruqvay arasındakı oyun da 1:1 hesabı ilə başa çatıb. İran və Yeni Zelandiya isə 2:2 hesablı bərabərliyə razılaşıblar.
Opta-nın statistikasına əsasən, dünya çempionatında bir gündə dörd oyunun heç-heçə başa çatdığı son hal 1958-ci ildə yaşanıb. Maraqlıdır ki, həmin hadisə də iyunun 15-də qeydə alınıb. O zaman Paraqvay – Yuqoslaviya, İsveç – Uels, İngiltərə – Avstriya və Qərbi Almaniya – Şimali İrlandiya oyunları heç-heçə yekunlaşıb.
Nəşr qeyd edir ki, əvvəlki dünya çempionatlarının formatı fərqli olub və qrup mərhələsində bir gündə dörd oyunun keçirilməsi daha çox son turun eyni vaxtda baş tutan qarşılaşmalarına təsadüf edib. Buna baxmayaraq, bir gündə bu qədər çox heç-heçənin qeydə alınması futbol tarixində nadir hadisə hesab olunur.
Bir gündə üç heç-heçə də dünya çempionatları üçün qeyri-adi nəticə sayılır. Səudiyyə Ərəbistanı ilə Uruqvay arasında görüş başa çatdıqdan sonra məlum olub ki, futbol azarkeşləri 68 illik rekordun təkrarlanmasına şahidlik edirlər.
Dörd oyunun hamısının heç-heçə başa çatacağını əvvəlcədən proqnozlaşdıran şəxslər böyük məbləğdə qazanc əldə edə bilərdilər. Xüsusilə İspaniyanın turnirin autsayderlərindən hesab olunan Kabo-Verde üzərində qələbə qazana bilməməsi günün ən gözlənilməz nəticələrindən biri kimi qiymətləndirilib.
Hazırda keçirilən dünya çempionatında baş tutan 16 oyundan 8-i heç-heçə nəticələnib. Növbəti matçlarda Fransa və Argentina kimi favorit komandaların bu tendensiyanı dəyişib-dəyişməyəcəyi maraqla gözlənilir.