Özəl tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına dair rəylərin verilməsinə başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklam edilməsinə rəy verilməsi ilə bağlı sənədlərin qəbulu hər həftənin III günü, saat 10:00 -13:00 həyata keçirilir.
Təqdim olunacaq sənədlərin siyahısı və digər məlumatlarla daha ətraflı Səhiyyə Nazirliyinin www.health.gov.az rəsmi internet səhifəsindəki “Səhiyyədə özəl sektor” bölməsində tanış olmaq mümkündür.
Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş "Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi qaydası"na əsasən, tibbi xidmətlərin və dərmanların reklamına rəy almaq istəyən şəxs SN-yə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən tibbi xidmətlərin və dərmanların reklamı bır sıra tələblərə cavab verməlidir. Bu tələblərə əsasən, reklam olunacaq xidmətlər lisenziya ilə müəyyən edilmiş fəaliyyət növlərinə uyğun olmalıdır. Reklam olunacaq xidmətləri göstərən tibb mütəxəssisləri qanunvericiliyə uyğun olaraq müvafiq ixtisasa malik olmalıdırlar. Dərman vasitəsi dövlət qeydiyyatına alınmış və həkim resepti olmadan buraxılan olmalıdır. Ərizəyə daxil olduğu gündən başlayaraq ən geci 30 gün müddətində rəy verilir. Zərurət yarandıqda həmin müddət əlavə 30 gün uzadıla bİlər. Qəbul olunmuş qərardan məhkəmə qaydasında və inzibati qaydada şikayət verilə bilər.