
Kəskin dəyişkən HAVANIN insan sağlamlığına təsiri - HƏKİMDƏN AÇIQLAMA
0
0
Son günlərdə hava şəraitinin tez-tez dəyişməsi müşahidə edilir. Təbii ki, baş verən kəskin hava dəyişiklikləri insan sağlamlığına təsirsiz ötüşmür.
Bəs havaların birdən-birə bu şəkildə dəyişməsi insan orqanizminə necə təsir edir?
Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablandıran terapevt Vəfa Əhmədova bildirdi ki, havaların belə dəyişkən olması əsasən meteohəssas insanlara çətinlik yaradır:
“Son dövrlər müxtəlif xəstəliklərin çoxalmasına iqlim dəyişkənliyinin də təsiri var. Temperaturun kəskin yüksəlməsi və yaxud aşağı enməsi, güclü küləyin əsməsi, hava şəraitinin yağışlı və buludlu olması bəzi insanlara, daha çox meteohəssas insanlara təsirsiz ötüşmür.
Bir çox insanlarda halsızlıq, baş ağrısı və digər problemlər ortaya çıxır. Hər fəslin gəlişi ilə insan orqanizmi yeni mövsümə adaptasiya olmağa çalışır. Xüsusən də əsəb pozğunluğu, ürək-damar sistemi xəstəliklərindən və nevrozdan əziyyət çəkən insanlara hava dəyişkənliyi mənfi təsir edir. Məsələn, bu cür hallar sinir sistemi xəstələrində sinir tutmaları ilə, ürək-damar sistemi xəstələrində isə qan təzyiqinin yüksəlməsi və əhvalın pozulması ilə müşahidə olunur”.
Terapevt həmçinin meteohəssas insanlara məsləhətlər də verdi:
“Əgər insanlar öz səhhətlərini qorumaq istəyirlərsə, evdən çıxarkən havaya uyğun geyimlərdən istifadə etməlidirlər”.
Vəfa Əhmədova əlavə etdi ki, dəyişkən havalar allergik xəstəlikdən əziyyət çəkən uşaqlara da mənfi təsir edir.
0
0