Havanın qəfil dəyişməsi orqanizimdə ciddi fəsadlar yaradır - HƏKİM RƏYİ
Son zamanlar havanın dəyişkən keçməsi bir çox insanların səhhətinə təsirsiz ötüşmür.
Havanın birdən birə istiləşməsi və ya soyuması insanlarda hansı fəsadları yarada bilər?
Mövzu ilə bağlı kardioloq Rafiq Quliyev ilə əlaqə saxladıq.
Lent.az-a açıqlama verən kardioloq bildirib ki, insan orqanizmi təbiətlə sıx əlaqədədir:
“Təbiətdə olan bütün mikroelementlər orqanizmimizdə mövcuddur. Ona görə iqlimin anidən dəyişməsi insanlara da təsirsiz ötüşmür. Qeyri-sabit hava şəraiti arterial təzyiqi olan, ürək xəstəliklərindən əziyyət çəkən və allergik problem yaşayan insanlara daha çox təsir edir. Belə ki, havanın temperaturunun birdən-birə düşməsi ürək-damar sistemi xəstələrində qan təzyiqinin yüksəlməsinə və əhvalın pozulmasına səbəb olur. Təzyiqdən əziyyət çəkən insanlarda dəhşətli baş ağrısı, ürək bulanma, halsızlıq, yuxusuzluq, depressiya və s. kimi hallar müşahidə olunur. Allergik xəstəliklərdən əziyyət çəkən insanlarda isə rütubətli hava astmatik halların artmasına səbəb olur.
R.Quliyev həmçinin meteohəssas insanlara məsləhətlər də verdi:
“Belə hava şəraitinin səhhətə zərər vurmamağı üçün geyimə qarşı diqqətli olmaq lazımdır. Xroniki xəstəliklərdən əziyyət çəkənlər isə profilaktika məqsədilə özlərinə aid dərman preparatlarından vaxtında istifadə etməlidirlər".
844