“Danışıqlar naminə danışıq”
25 noyabr 2013 12:29 (UTC +04:00)

“Danışıqlar naminə danışıq”

20 ildən artıq tarixi əhatə edən Dağlıq Qarabağ müharibəsi bu gün də Ermənistanın qərəzli mövqeyi, uğursuz siyasi strategiyası və havadarlarının “maddi” dəstəyi nəticəsində Azərbaycan Respubikasının ən ağrılı problemi olaraq qalmaqdadır. 20 illik tarix Azərbaycanın müasir inkişaf xəttinin təkamülü, modern Azərbaycanın dirçəlişi, regional liderliyi ilə nəticələndi. Ermənistanın isə yarıtmaz siyasəti, boyunduruq siyasətinin “səyi” nəticəsində müstəmləkə xarakterini daşımağı davam etdirərək, ölkənin tənəzzülü, siyasi-iqtisadi çöküşünü sürətləndirmiş oldu. Bu gün üçün Ermənistan və Azərbaycan istər regional kəmiyyət, istərsə də keyfiyyət baxımından müqayisə olunmaz bir səviyyədədir. Bununla belə, müəyyən vədlərin təsiri altında, qüvvə dəstəyilə Dağlıq Qarabağ iddialarından əl çəkməyən mənfur dövlət irrasional siyasətin gələcəyindən xəbərsiz şəkildə “sərt”, şəxsi rəyə əsaslanan Qarabağ təfsirini reallaşdırmağa çalışır. Azərbaycan Respublikasının münaqişənin həlli istiqamətində rəyləri, addımları göz önündədir. Artıq neçə illərdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlli tərəfdarı olduğunu bəyan etmiş, bunun üçün hər iki dövlət rəsmilərinin intensiv görüşlərinin zəruriliyini əsaslandırmışdır. Lakin erməni rəsmilərinin sərgilədiyi qeyri-konstruktiv mövqe, münaqişənin həlli istiqamətində heç bir addım atmaması, təşəbbüs göstərməməsi baş tutan görüşlərin nəticəsizliyi ilə yadda qalmışdır. Təsadüfi deyildir ki, noyabr ayının 19-da Vyanada baş tutan Prezidentlərin növbəti görüşü də məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə reallaşdı. Görüş hər iki tərəfin Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə nizamlanması prosesini aktivləşdirmək barədə razılığı ilə nəticələndi.  ATƏT-in rəsmi saytının yaydığı məlumata görə, bu barədə təşkilatın Minsk qrupunun bəyanatında deyilir. Bəyanatda bildirilir ki, prezidentlər təkbətək görüşdə və sonra həmsədrlər və nazirlərin iştirakı ilə aparılan məsləhətləşmələrdə Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı geniş spektrdə müzakirə ediblər. Çoxdandır ki, arzuolunan görüş Minsk qrupu həmsədrləri tərəfindən alqışlanmış, yüksək qiymətləndirilmişdir. Münaqişənin sülh yolu ilə həlli istiqamətində həlledici addım kimi dəyərləndirilən görüş böyük səs-səda  yaratmasına, müəyyən ümidlər formalaşdırmasına baxmayaraq nəticəsizlik yenə özünü göstərir. İndiyə qədər baş tutmuş hər dəfə hansısa bir dəyişikliyin baş verməsinə istiqamətlənmiş  görüşlərin qeyri-məhsuldarlığı göz önündədir. Çünki bu yalnız bir tərəfin istəyi, səyi ilə reallaşası proses deyildir. Münaqişənin sülh yolu ilə həlli kompleks həll yollarını, birgə fəaliyyəti tələb edir. Bu sahədə öhdəliyi  üzərinə götürən Minsk qupunun passiv siyasi yanaşması münaqişənin tezliklə həllinə olan ümidlərin azalmasına müəyyən impuls verir. Prezidentlərin yaxın 2 ay ərzində yenə görüşməyi planlaşdırması bir tərəfdən Minsk qrupunun fəal mövqe nümayişi təəssüratının doğrulmasına, digər tərəfdən isə Ermənistanın da münaqişənin həlli ilə bağlı dəyişən mövqeyinin nümayişi ilə izah oluna bilər. Azərbaycan daim humanist yanaşmasıyla dövlət fəlsəfəsini sərgiləmişdir. Lakin “danışıqlar naminə danışıqlar” siyasəti də Azərbaycanın kəskin qarşıladığı məqamdır.

Görüş, görüşün nəticələri hər hansı bir perspektivin gözlənməsinə olan siyasi reallığı şübhə altına salır. Azərbaycanın rasional yanaşma tərzi müharibə alternativini də inkar etmir. Bu Azərbaycanın birmənalı qəbul etdiyi yoldur: Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin mövcudluğuna imkan verilməyəcəkdir. Bu səbəbdən də əgər danışıqlar öz nəticəsizliyini göstərsə müharibə variantı da istisna olunmur və bəyan olunur.

 

Nailə Məmmədova

 "Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar