Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant maliyyə dəstəyi və təşkilatçılığı, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının isə elmi-təşkilati dəstəyi ilə 6-8 iyul 2015–ci il tarixlərində “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan tanınmış alimlər Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələrlə çıxış edəcəklər. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər.
Konfransın 2 iş günü Bakı şəhərində, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq. Elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə olunacaq.
Elmin İnkişafı Fondunun mətbuat xidməti