Göyçaylı həkim zobu qurbağa ilə müalicə edir
17 aprel 2013 14:03 (UTC +04:00)

Göyçaylı həkim zobu qurbağa ilə müalicə edir

Göyçay sakini qurbağa ilə zob xəstəliyini müalicə edir. Uzun illərdir ki, insanları Çin təbabətinin bu maraqlı üsulu ilə müalicə edən Sahib Əliyev qeyri-adi bacarığı ilə hamını heyrətləndirir. Sahib Əliyev çay qurbağası ilə zob xəstəliyindən əziyyət çəkən insanları 3 gün ərzində müalicə etdiyini bildirir. Onun sözlərinə görə xəstə əvvəlcə ultrasəs müayinəsindən keçirilir və zob xəstəliyi barədə dəqiq diaqnoz əldə edildikdən sonra müalicə tətbiq edilir. Həkim qurbağanı hər gün bir saat 30 dəqiqə ərzində xəstənin boğazına yapışdırmaqla zobun zəhərini çəkir. Bu günədək Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədən olan 500-ə yaxın xəstəni müalicə edərək sağlam həyata qaytaran Sahib Əliyev qurbağadan qorxan pasientləri müalicəyə götürmədiyini bildirib.

 

S.Əliyev Lent.az-a açıqlamasında xəstələri müalicə edən zaman özünü pis hiss etdiyini də bildirib. “Mən əlimlə qurbağanı xəstənin boğazına yapışdırıram və bir müddətdən sonra qurbağa zobun zəhərini çəkərkən pasientlə yanaşı mən də özümü narahat hiss edirəm. Mən zobun bu yolla müalicə metodunu dəfələrlə övladıma və tibb bacısına öyrətmək istəmişəm, lakin cəhdim uğursuz alınıb. Bu çox çətin bir proses olsa da mən həmişə müalicəmi uğurla başa çatdırmışam və indiyədək heç bir xəstəm apardığım müalicədən narazı qalmayıb. Mən daxili və xarici zobu, dişi və erkək zobu, zəhərli və zəhərsiz zobu müalicə edirəm. Zobla əlaqədar mənə müraciət edən insanlar əsəbilik, ümumi halsızlıq, iştahsızlıq, əllərdə əsmə-tərləmə, ürək döyüntüsü, aqressivlik, istiyə və soyuğa dözümsüzlük, gözlərin önə qabarması, ishal, saçlarda quruma və tökülmə kimi problemlərlə qarşılaşdıqlarını bildirsələr də, üç gün ərzində müalicə olunduqdan sonra bu halların onlarda artıq baş vermədiyini bildiriblər. Sonda pasientlər təkrar ultrasəs müayinəsindən keçməklə müalicənin müsbət nəticə verməsinin şahidi olurlar”.

 

Qeyd edək ki, Sahib Əliyev bu maraqlı müalicə üsuluna görə “Qızıl qurbağa” mükafatına da layiq görülüb.   

 

Elvin Yaqubov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4895
avatar

Oxşar yazılar