Göyçay rayonunda ilk dəfə mərsin ağacı yetişdirilib. APA-nın məlumatına görə Göyçay rayonunun Ərəb kənd sakini, 57 yaşlı Rafiq Xəlilov Azərbaycanda ilk dəfə olaraq, mərsin ağacı yetişdirməyə nail olub. Bununla da o, öz bağçılıq təsərrüfatına ölkəmiz üçün ənənəvi olmayan yeni bir ağac əlavə edib.
Hind narı və konfet ağacı kimi qeyri-adi ağacları yetişdirməklə tanınan Rafiq Xəlilov bu dəfə meyvəsindən və yarpaqlarından müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan mərsin ağacının çətinliklə də olsa məhsulunu əldə etməyin mümkünlüyünü sübut edib.
35 ildir bağçılıqla məşğul olan Rafiq Xəlilov mərsinin toxumlarını 6 il öncə Gürcüstandan gətirdiyini və onları xüsusi qablarda cücərtdiyini, şitillərini isə torpağa əkərək, qulluq etdiyini bildirib.
O, altı il ərzində yalnız bir mərsin ağacını yetişdirərək zəhmətinin bəhrəsini gördüyü üçün çox sevindiyini bildirib.
İbn Sina deyib ki, mərsinin meyvələri diabet xəstələri üçün xeyirlidir. Qarağatdan kiçik olan qırmızı rəngli mərsinin meyvələri dişlərin çürüməsinin qarşısını alır, babasili sağaldır, düz bağırsağın və uşaqlığın sallanmasının qarşısını alır, ishalı dayandırır, ürək döyüntüsünü azaldır, ürəyin fəaliyyətini qüvvətləndirir, öskürəyi kəsir, iflic olmuş orqanları müalicə edir, saçların tökülməsinin qarşısını alır.
Mərsinin meyvəsindən və yarpağından ətir və boyaq kimi istifadə olunur. Ağac qeyri-adi müalicəvi xüsusiyyətləri ilə hamının diqqətini cəlb edib. Bu il ağac ilk dəfə meyvə verib və hazırda bağban Rafiq Xəlilov, eləcə də rayon sakinləri mərsinin meyvəsinin tam yetişməsini gözləyir. Bağban Rafiq Xəlilov gələcəkdə mərsin ağacının sayını artırmağı və kiçik mərsin bağı salmağı planlaşdırır.