Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsi çərçivəsində Beyləqan rayonunda könüllü gənclərdən ibarət yaradılmış Təbliğat Qrupunun üzvlərini qəbul edib. Gənclərin təşəbbüsü ilə baş tutan görüşdə layihənin regional lideri Ceyhun Quliyev indiyədək görülən işlər, rayonun mərkəzində, qəsəbə və kəndlərində narkotikdən istifadə, erkən evlilik, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə aparılan maarifləndirmə və təbliğat işləri, gənclər və yeniyetmələr arasında keçilən təlimlər barədə məlumat verib.
İcra hakimiyyətinin başçısı V.Abdullayev Təbliğat Qrupunun üzvlərini dinləyib, onlara öz tövsiyələrini bildirib. O, regionda həyata keçirilən bu cür layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini və gənclərin fəal həyat mövqeyinin formalaşmasında, sosial-iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsinə onların istiqamətləndirilməsində mühüm rol oynadığını vurğulayıb. V.Abdullayev qeyd edib ki, Təbliğat Qrupunun təşəbbüsləri rayon icra hakimiyyəti tərəfindən daim dəstəklənəcək, gənclərin üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində onlara hər cür köməklik göstəriləcək. Başçı layihə çərçivəsində görüləcək işlərdə Təbliğat Qrupuna yardımçı olmaq üçün Beyləqan şəhəri üzrə ərazi nümayəndəliyinə, gənclər və idman idarəsinə lazımi tapşırıqlar verib.
Beyləqan şəhərində yaşıllaşdırma və abadlıq aparmaqdan ötrü onlar üçün xüsusi ərazi ayrılması barədə Təbliğat Qrupunun xahişi rayon rəhbərliyi tərəfindən razılıqla qarşılanıb. Görüşdə Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin rəhbərliyi də iştirak edib.
Xatırladırıq ki, UNİCEF-in dəstəyi ilə BAMF-ın həyata keçirdiyi və Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Goranboy, Yevlax və Tərtər rayonlarını əhatə edən “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin icrasına 2011-ci ilin oktyabr ayından başlanıb.