İlk dəfə yaradılan SABAH qruplarında 7 baza ali təhsil müəssisəsi arasında Azərbaycan Dövlət İqtisad Universiteti I yerdə dayanır. Lent.az-ın Təhsil Nazirliyinin saytına istinadən məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 2014/2015-ci tədris ili üçün ilk iclasında universitetin rektoru, professor Ədalət Muradov deyib. O bildirib ki, SABAH qruplarına müraciət edən tələbələrin üçdə biri ADİU-nu seçib: “Buna görə də ADİU SABAH gənclərinin təhsil alacağı auditoriyalara fərqli yanaşıb. Universitetimizi necə görmək istəyiriksə, o modeli ilk olaraq "SABAH"da yaratdıq. “SABAH” üçün yaradılan şərait bütün universitetə şamil olunacaq”.
Elmi Şurada ADİU-da kadr potensialını artırmaq məqsədilə görülən işlərdən də danışan rektor bildirib ki, universitetin "İşçilərin işə qəbulu və yerdəyişməsi" komissiyasına 309 nəfər müraciət edib: “Onlardan 75 nəfərinin vəzifəsi artırılıb, 20 nəfərə yaxın xaricdə təhsil almış ərizəçi işə götürülüb".
Şura üzvləri Xüsusi İstedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc ADİU-nun vəsaiti hesabına ödənilsin.
Tədbirdə Ümumi iqtisadiyyat fakültəsinin adının dəyişdirilərək İqtisadiyyat və sənaye fakültəsi adlandırılması təklif olunub. Təklif səsə qoyularaq qəbul edilib.
İclasda iyun ayından tələbələrin və universitet əməkdaşlarının müzakirəsinə verilən "İşçilərin universitetdaxili intizam qaydaları" ilə "Tələbələrin universitetdaxili intizam qaydaları" qəbul edilib. Bu qaydalar sentyabrın 22-dən qüvvəyə minib.
Elmi Şurada həmçinin ilin sonuna qədər universitetin ştat cədvəlinin hazırlanması, vətəndaşlarla işin daha da təkmilləşdirilməsi müzakirə olunub.