Bu gün Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak edib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyevi Gədəbəy aşıqları öz ifaları ilə salamlayıblar.
Sonra aşıq İsfəndiyar Rüstəmov çıxış edib. Dövlət başçısına Gədəbəy aşıqları adından saz hədiyyə olunub. Prezident İlham Əliyev Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edib. Professor Məhərrəm Qasımlı rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib. Daha sonra prezident gənc aşıqların ifasını dinləyib. Sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Bu musiqi ocağının təməli 2009-cu ildə prezident İlham Əliyev tərəfindən qoyulub. Binanın həyətində Aşıq Ələsgərin heykəli ucaldılıb. Foyedə Heydər Əliyevin və prezident İlham Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə səfərlərinə həsr olunmuş fotolardan ibarət guşə yaradılıb. Bu ilin iyununda başa çatdırılan tikinti işləri çərçivəsində ikimərtəbəli binada bütün şərait yaradılıb. Musiqi məktəbində inşaat işləri “Lider Monolit” şirkəti tərəfindən həyata keçirilib. Burada kitabxana və qiraət zalı yaradılıb, musiqi xəzinəsini özündə əks etdirən kitab və nəşrlərlə zənginləşdirilib. Sahəsi 194 kvadratmetr olan 121 yerlik akt zalı, həmçinin səhnə zəruri avadanlıqla təchiz olunub. Burada səsyazma studiyası da qurulub.
Məktəbdə köməkçi otaqlarla yanaşı, qrim otağı, yeməkxana da fəaliyyət göstərir. Sinif otaqlarında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait var. Bu musiqi məktəbinin özəlliyini artıran mühüm amillərdən biri də burada aşıq musiqi sənəti ilə bağlı muzeyin yaradılmasıdır. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkəmizin tanınmış saz ustadları haqqında məlumatlar toplanıb. Bundan əlavə, aşıq sənətinə dair müxtəlif eksponatların nümayiş etdirildiyi muzey zənginliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda 150-dən çox aşıq var. Binanın ikinci mərtəbəsində divarda Azərbaycanın tanınmış aşıqlarının fotoları, Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə aşıq sənətinin inkişafı ilə bağlı sərəncamlarının surətləri asılıb.
Dövlət başçısı Aşıq Musiqisi Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirib.