“Bir neçə gün öncə Azərbaycanda ilk dəfə qan donorlarının qış məktəbi keçirildi. Bu çox uğurlu bir layihə idi. Düşünürəm ki, yaxın aylarda gənclər bu layihənin təəssüratlarından danışacaqlar. Qan verən insanlar bir araya toplaşdı və bir neçə gün düşərgədə qaldılar. Onların arasında respublikanın müxtəlif yerlərindən olan gənclər var idi. Düşərgə Cəlilabadda salınmışdı”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov deyib.
F.Əsgərov deyib ki, qış məktəbi çərçivəsində həyata keçirilən təlim proqramlarını Qan Donorları Assosiasiyası, Azərbaycan Talassemiya Federasiyası və Səhiyyə İslahatlar Mərkəzi öz üzərinə götürüb. Təlimçilərin peşəkarlar olduğunu qeyd edən assosiasiya sədri əlavə edib ki, Mərkəzi Qan Bankı yaxın partnyor olub: “Təlim proqramlarının mövzusu sağlam həyat tərzi ilə bağlı idi. Hər zaman vurğulayırıq ki, bir insan yalnız bir dəfə qan verməsin. Biz daima qan verən donor qazanmalıyıq. Əks halda, fəaliyyət uğursuz hesab olunur. Təlimlər narkomaniya, alkoqol, tütünsüz həyatla bağlı idi. İstəyimiz odur ki, qan verən insanlar sağlam olsunlar ki, o qanın köçürüldüyü insanlara zərər verməsin. Qan son həddə vurulur. Roliklər nümayiş olundu, müsahibələr keçirildi və donorlar öz məsuliyyətlərini anladılar”.
Qonaq, bir çox hallarda neqativ halların baş verdiyini vurğulayıb: “Bəzən sosial şəbəkələrdə aylarla eyni elan dolaşır. Araşdırma zamanı məlum olur ki, xəstə kimi qələmə verilən insan əslində sağlamdır. Bu da zamanla həqiqətən ehtiyacı olanlar üçün yardım etmək istəyənlərdə inamsızlıq yaradır”.
Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsul qeyd edib ki, talassemiyalı pasientlərə yardım etmək məqsədilə donorluq sahəsində aktiv fəaliyyət göstərirlər: “Azərbaycan Talassemiya Federasiyasının əsas məqsədlərindən biri də regionlarda donorluq mədəniyyətinin formalaşdırılmasıdır. Qan Donorları Assosiasiyası ilə birgə dövlət və özəl qurumlarla əlaqələr qurur, qanvermə aksiyaları keçiririk. Əsas istəyimiz odur ki, insanlar bu aksiyada könüllü iştirak etsinlər. Talassemiya pasientlərinin müalicəsi baha başa gəlir. Heç də hər kəs bu xərcləri qarşılamaq iqtidarında deyil. Tədbirlərin regionlarda da keçirilməsinin əsas səbəblərindən biri orada qan vermək istəyənlərin Mərkəzi Qan Bankına gəlmək üçün əziyyət çəkməməsini təmin etməkdir”.
Gənc Qan Donorlarının Qış Məktəbinin iştirakçısı Məhbubə Uğursoy isə donorluq sahəsinə gəlişindən bəhs edib: “Mənim donorluq sahəsində fəaliyyətim bir az fərqlidir. Çəkim az olduğu üçün qan verə bilmirdim. Amma qanvermə aksiyalarında şirə paylayırdım. Həm də insanları qan verməyə səsləyirdim. Ən çox verilən sual bu idi: “Bu qanı kimə verəcəksiz?” Məqsədimiz insanlara humanizm aşılamaqdır”.