Mayın 7-də Dövlət Bayrağı Meydanında Fövqəladə Hallar Nazirliyinin (FHN) mülki müdafiə qoşunlarının gənc əsgərlərinin andiçmə mərasimi keçirilb.
Lent.az-ın məlumatına görə, əvvəlcə gənc əsgərlərin hərbi andı qəbul etmək üçün təntənəli mərasimə hazır olmaları barədə raport verilib.
Mülki müdafiə qoşunlarının Döyüş Bayrağı meydana gətirilib.
Mülki müdafiə qoşunlarının qərargah rəisi şəxsi heyətə hərbi andın mənasını, öz xalqına, Azərbaycan dövlətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.
Andiçmə mərasiminin başlanmasına icazə verildikdən sonra gənc əsgərlər respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borcuna şərəflə əməl edəcəklərinə and içibər.
Andiçmə mərasimi başa çatdıqdan sonra mülki müdafiə qoşunlarının komandanı şəxsi heyəti hərbi andı qəbul etmələri münasibətilə təbrik edib.
Komandan hərbi andın qəbul edilməsini əsgərin həyatında olduqca vacib amil kimi qiymətləndirib, əsgərlərə Vətənin keşiyində mətin dayanmalarını və hərbi sirlərə mükəmməl yiyələnmələrini tövsiyə edib.
Mərasimdə çıxış edən valideynlər Vətən qarşısında ən müqəddəs borcun məhz tapşırılan vəzifəni şərəflə yerinə yetirmək, müqəddəs amallar naminə əlindən gələni əsirgəməmək olduğunu bildiriblər.
Vurğulanıb ki, Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər dövlətimizin başçısı, ali baş komandan İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur.
Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.