Kəmaləddin Heydərov: “Bizim vəzifəmiz əsası Heydər Əliyev tərəfindən qoyulan inkişafı əzmlə davam etdirməkdir”
Fövqəladə Hallar Nazirliyi (FHN) Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mərasim keçirib.
APA-nın məlumatına görə, tədbirdə əvvəlcə FHN-nin İctimaiyyətlə Əlaqə İdarəsi Multimedia Mərkəzinin hazırladığı, Heydər Əliyevin yubileyinə həsr olunan “Sən elə bir zirvəsən...” sənədli filmi nümayiş olunub. Filmdə H. Əliyevin siyasi fəaliyyəti ilə yanaşı, Azərbaycanda, o cümlədən keçmiş SSRİ-də fövqəladə hallar qurumlarının formalaşması, inkişafındakı rolundan bəhs edilib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov çıxışında Heydər Əliyevi əsl şəxsiyyət kimi xarakterizə edib. O bildirib ki, H. Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyatı əhəmiyyətli sahələrə böyük töhfələr verib: “Bunun nəticəsində Azərbaycan dinamik inkişaf edib. Bu quruculuq işləri ölkədə güclü iqtisadiyyatının bünövrəsini qoyub. Prezident İlham Əliyev də həmin prosesi uğurla davam etdirir”.
Nazirin sözlərinə görə, Heydər Əliyevin sovetlər dövründə respublikaya rəhbərlik etdiyi vaxtlar ölkədə inkişaf dinamik hal alıb: “Sanki Heydər Əliyev Azərbaycanın müstəqilliyini görürdü və inanırdı. Elə bu səbəbdən də gördüyü işlərin hamısı ölkənin gələcək müstəqil həyatına yönəlmişdi”.
K. Heydərov qeyd edib ki, Heydər Əliyev Azərbaycanın müasir inkişafının təməlini qoyub: “Bizim vəzifəmiz isə bu işi əzmlə davam etdirməkdir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi öndəri və İlham Əliyev kimi rəhbəri var. Hər bir sahədə Heydər Əliyevin izləri görünür”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında gördüyü işlərdən danışıb. Onun sözlərinə görə, H. Əliyevin bütün addımları xalqı qorumağa, onun inkişafına yönəlmişdi. O, çıxışında H. Əliyevi müstəqil Azərbaycanın banisi kimi də xarakterizə edib: “Heydər Əliyevin yenidən rəhbərliyə gəlişi, ölkədə separatizmin qarşısını aldı, Azərbaycanı parçalanmadan, bacarıqsız idarəçilərdən xilas etdi. Bu gün Azərbaycanın nə böyük qardaşı var, nə də kiminsə vassalı deyilik. Ölkənin büdcəsi 25 dəfə artıb. Bu gün prezidentimiz ölkənin inkişafı üçün bütün lazımı işləri görür”. S. Novruzov nitqində Fövqəladə Hallar Nazirliyini uğurlu struktur kimi də dəyərləndirib.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.