İcra hakimiyyətləri fərdi mənzil tikintisinə dair müraciətlərə baxmaq istəmir, bəzi tikintilərə isə köhnə qaydalarla sərəncam verilir
“Bir ildən çoxdur ki, Bibiheybətdəki qanuni torpağımda ev tikə bilmirəm. İcra hakimiyyəti tikintiyə başlamağa icazə vermir, sənədlərim qaydasında olsa da, bir ildir, yubadırlar”.
Bakı sakini Rasim Quliyev qanuni torpaq sahəsində fərdi mənzil tikintisinə başlaya bilməməsinə görə Səbayel Rayon İcra Hakimiyyətini günahlandırır. Onun sözlərinə görə, hələ 2011-ci ilin ortalarından Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçirdiyi müsabiqədə iştirak etməklə fərdi mənzil tikintisi üçün 6 sot torpaq sahəsinə sahib olub. Ötən ilin martında tikintiyə başlamaq üçün rayon icra hakimiyyətinə müraciət etsə də, sənədləri qəbul olunmayıb: “O vaxt mənə dedilər ki, mənzil tikintisinə icazələrin verilməsi dayandırılıb. Ona görə də yeni qaydalar hazırlananadək gözləməliyəm. Düz bir ildir ki, gözləyirəm, hələ də deyirlər ki, qaydalar hazır deyil”.
Rasim Quliyev ötən ilin yayında Milli Məclisdə Şəhərsalma və Tikinti Məcəlləsinin qəbul olunmasından, ölkə başçısının Məcəllənin təsdiq olunması barədə fərmanından, onun 2013-cü ilin 1 yanvar tarixdən qüvvəyə minməsindən də xəbərdardır. Amma yeni Məcəllənin qüvvəyə minməsindən 2 ay ötməsinə baxmayaraq, icra hakimiyyətinin hələ də ev tikməyə icazə verməməsi onu xeyli qayğılandırır: “Artıq Məcəllə hüquqi qüvvəyə malikdir. Təzə qaydalara görə, fərdi ev tikmək üçün icra hakimiyyətindən razılıq almağa ehtiyac yoxdur, sadəcə məlumat vermək kifayətdir. Yanvar ayından bəri 3-4 dəfə icra hakimiyyətinə getmişəm. Bütün sənədlər əlimdədir, Torpaq şöbəsinin qərarı, tikəcəyim evin planı da qaydasındadır. Amma yenə də deyirlər ki, hələ tikintiyə başlamaq olmaz, gərək yuxarıdan təlimat gəlsin, sonra sənədlərə baxılacaq”.
Uzun illərdir 4 nəfərlik ailəsi ilə birlikdə kirayə mənzildə yaşayan Rasim Quliyevin bu narahatlığı çoxlarına tanışdır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən iki ay ötməsinə baxmayaraq, yeni Məcəllənin tələbləri faktiki olaraq, hələ də işə düşməyib. Bu isə Rasim Quliyev kimi yüzlərlə ailənin fərdi mənzil tikmək istəyi qarşısında çox ciddi problemlər, çətinliklər yaradıb. Halbuki, şikayətçinin özünün dediyi kimi, bu ilin 1 yanvarından fərdi mənzil tikmək üçün icra hakimiyyətindən razılıq alınmağa ehtiyac yoxdur. Çünki Məcəllənin 80-ci maddəsində qeyd olunur ki, mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi üçün sadəcə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir və tikintinin layihəsi onlara təqdim olunur. 3 ay müddətində layihəyə irad bildirilmədikdə tikinti işlərinə başlanıla bilər. Elə Rasimin tikdirmək istədiyi fərdi mənzilin texniki parametrləri də bu normalar daxilindədir. Amma rayon icra hakimiyyəti onun tikintiyə başlaması üçün lazım olan sənədlərinə baxmaqdan imtina edir.
Səbayeldə hələ gözləyirlər...
Səbayel rayon icra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun rəhbəri İsrafil Kərimov Lent.az-a açıqlamasında rayon ərazisində fərdi mənzil tikintisinə razılıq verilmədiyini təsdiqləyir. Onun sözlərinə görə, yeni Məcəllənin tələbləri əsasında fərdi mənzil tikintisinə razılıq verilməsi qaydaları hələ hazır deyil: “Biz də bilirik ki, fərdi mənzil tikintisi üçün icra hakimiyyətində sadəcə məlumat vermək, layihəni təqdim etmək kifayətdir. Ancaq yeni təlimat yoxdur, tikintiyə başlamaq üçün hansı sənədlərin tələb olunduğu, nəyin necə razılaşdırılacağına dair qaydalar bəlli deyil. Köhnə qaydalarda fərdi mənzil tikintisinə razılığı Bakı Şəhər İcra Hakimiyyəti verirdi. İndi isə bu məsələ birbaşa rayonların özündə həll olunacaq. Ancaq hansı təlimat əsasında? Bu, bəlli deyil. Ona görə də gözləyirik ki, Nazirlər Kabinetində hazırlanmış qaydalar bizə də göndəriləcək və həmin qaydalar əsasında mənzil tikən vətəndaşların müraciətlərinə baxılacaq. Hələlik Səbayel Rayon İcra Hakimiyyətinə belə bir sənəd daxil olmayıb”.
...Bəzi rayonlar isə tikintiyə köhnə qaydada sərəncam verir
Nəsimi, Xətai və Yasamal rayonlarında da oxşar vəziyyətdir. Belə ki, bu rayonların heç birində 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri əsasında bir dənə də olsun, fərdi mənzil tikintisinə razılıq verilməyib. Yeganə fərq ondadır ki, hər üç rayonda yeni qaydalarla tikinti sənədlərinin qəbuluna başlanıb. Bu rayonlarda martın sonlarında yeni Məcəllənin tələblərinə uyğun şəkildə fərdi mənzil tikintisinə razılığın veriləcəyini güman edirlər. Səbəb kimi onu göstərirlər ki, Nazirlər Kabineti yeni Məcəllənin qüvvəyə minməsinin 3 ayı tamam olmamış müvafiq təlimatları təsdiq edəcək. İcra hakimiyyətləri isə martın sonunda yanvardan bəri daxil olmuş müraciətlərə baxaraq tikintinin sifarişçilərinə cavab verəcək.
Suraxanı və Binəqədi rayonlarında isə vəziyyət bir qədər fərqlidir. Hər iki rayonun icra hakimiyyətindən Lent.az-a bildiriblər ki, yeni Məcəllənin tətbiqinə başlandığı iki ay ərzində fərdi mənzil tikintisi üçün bir neçə sifarişçinin müraciətinə müsbət rəy verilib. Amma məsələ burasındadır ki, bu icazələr köhnə qaydada, yəni sərəncam şəklində rəsmiləşdirilib. Bu isə tikintiyə nəzarət qurumları tərəfindən Məcəllənin tələblərinin pozulması kimi dəyərləndirildiyindən geri qaytarılıb. İndi həmin mənzillərin tikintisi sənədlər qaydaya salınanadək dayandırılıb.
“Bunlar hamısı bəhanədir”
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov da belə halların olduğunu təsdiqləyir. Onun sözlərinə görə, bu yaxınlarda Bakının rayonlarının birində icra hakimiyyətinin fərdi mənzil tikintisinə sərəncam verdiyi üzə çıxıb: “Həmin sənədi biz dərhal geri qaytardıq və bildirdik ki, yeni Məcəlləyə əsasən, icra hakimiyyəti heç bir halda tikintiyə sərəncam verə bilməz. Çünki yeni qaydalara əsasən, icra hakimiyyəti sifarişçinin müraciətinə baxmalı, nöqsan varsa iradlarını məktub şəklində müraciət edənin ünvanına göndərməlidir. Əgər yaşayış evinin layihəsinin memarlıq-planlaşdırmasına irad yoxdursa, tikintiyə başlamaq üçün icazə verilir. Bu icazə isə həmin sənədin üzərinə dərkənar qoyulmaqla verilməlidir”.
Xalid Nəcəfov Lent.az-a açıqlamasında fərdi mənzil tikintisinə razılığın verilməsi üçün Nazirlər Kabinetinin məxsusi təlimat və ya qaydalarına ehtiyac olmadığını da bildirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqləyəcəyi qaydalar yalnız iri tikinti layihələrinə və bütövlükdə şəhər planlaşmasına şamil ediləcək. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə dair şərtlər isə yalnız Məcəllənin 79-cu və 80-ci maddələri ilə müəyyən edilir: “Yəni fərdi mənzillərin tikintisi üçün heç bir əlavə qayda nəzərdə tutulmur. Fərdi mənzil tikmək niyyətində olan sifarişçilərə razılığın verilməsi üçün Nazirlər Kabinetinin guya, yeni qaydalar və ya təlimatlar təsdiq edəcəyi barədə deyilənlər doğru deyil. Bunlar hamısı bəhanədir, fərdi mənzil tikintisi üçün heç bir yeni qayda və ya təlimat olmayacaq. Görünür, icra hakimiyyətlərində bu işə baxanlar yenə də məsuliyyətlərini başa düşmürlər. Biz dəfələrlə bildirmişik ki, icra hakimiyyətlərində tikinti sənədlərinə baxan şəxslər Məcəlləni diqqətlə oxusunlar və obyektin tikintisinə icazə verərkən nə qədər böyük məsuliyyət daşıdıqlarını anlasınlar. Bəzən insanları düzgün istiqamətə yönəltmirlər, doğru məlumat vermirlər və bunların hamısı sonda müəyyən narazılıqlara, yaxud da tikinti qaydalarının pozulmasına gətirib çıxarır”.
Müfəttişliyin rəisi deyib ki, yaxın günlərdə bu məsələ ilə bağlı rayon icra hakimiyyətləri ilə birgə xüsusi görüş keçiriləcək. Görüşün əsas məqsədi Şəhərsalma və Tikinti Məcəlləsi barədə icra hakimiyyətlərini məlumatlandırmaq, iş prinsipləri barədə onları xəbərdar etməkdir.
79-cu və 80-ci maddələrin açıq tələbi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə Lent.az-a aşıqlamasında yeni Məcəllənin artıq yerlərdə tətbiq olunduğunu və vətəndaşlara fərdi yaşayış evi tikməsi üçün icazələrin verildiyini deyib. Onun sözlərinə görə, sifarişçi, yəni vətəndaş fərdi mənzil tikmək istəyirsə, əvvəlcə həmin ərazi üzrə icra hakimiyyətini məlumatlandırmalıdır. Bunun üçün tikintinin yerləşəcəyi torpağın mülkiyyət hüququnu təsdiq edən sənədi memarlıq-planlaşdırma sənədləri ilə birgə icra hakimiyyətinə təqdim etmək kifayətdir. Cahangir Qocayev memarlıq-planlaşdırma sənədi dedikdə, tikiləcək evin fasadını və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-layihənin nəzərdə tutulduğunu deyir: “Layihələr lisenziya əsasında fəaliyyət göstərən memarlar, yaxud da tikinti-layihə institutları tərəfindən hazırlana bilər. Tikiləcək evin eskiz planı hazırdırsa, bu sənədlər məktubla birlikdə icra hakimiyyətinə təqdim olunmalıdır. Layihə sənədlərində normativlərdən kənaraçıxma halları aşkarlanmazsa, tikintiyə başlanıla bilər. Bu qaydalar artıq qüvvədədir və icra hakimiyyətləri də həmin normativlərə uyğun addım atmalıdırlar”.
Cahangir Qocayev onu da bildirir ki, yeni qaydalar əsasında tikintiyə başlandıqdan sonra vətəndaşın icra hakimiyyətin heç bir asılılığı qalmır. Belə ki, tikintiyə nəzarət icra hakimiyyətinin səlahiyyətinə aid olmadığından bu qurumların inşaat işlərinə müdaxilə etmək hüququ yoxdur: “Düzdür, yeni Məcəllənin tətbiqi ilə bağlı 40-dək normativ qaydalar hazırlanmalıdır və bu qaydalar təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndərilib. Ancaq Nazirlər Kabinetinin təsdiqləyəcəyi qaydaların 79 və 80-ci maddələrə dəxli yoxdur. Heç Bakı Şəhər İcra Hakimiyyəti də bu məsələlərdən kənardadır. Çünki 79 və 80-ci maddələrdə açıq şəkildə yazılıb ki, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin yoxlanılması üçün icra hakimiyyətinə təqdim etməlidir. İcra hakimiyyəti 3 ay müddətində layihəyə dair irad təqdim edilmədikdə sifarişçi tikinti işlərinə başlaya bilər”.
Məmurun hərəkətsizliyi məhkəməyə yol açır
O ki qaldı Yeni Məcəllənin tətbiqinin yerlərdə yubadılması məsələsinə, komitə rəsmisi bunu istisna etmir. Onun fikrincə, yeni qaydalarla işləmək icra hakimiyyətləri üçün müəyyən çətinliklər yarada bilər: “Bəzən bir icra hakimiyyəti gözləyir ki, görsün qonşu rayonda prosesə necə başlayırlar, nəyə daha çox diqqət yetirilir? Belə hallar fərdi mənzil tikintisi üçün müraciət edən vətəndaşların işini bir qədər yubada bilər. Amma bütövlükdə bu məsələdə çətinlik olmamalıdır”.
Cahangir Qocayev Məcəllənin 79 və 80-ci maddələrindəki normalar daxilində ev tikmək istəyənlərə tövsiyə edir ki, sənədləri icra hakimiyyətinə poçt vasitəsilə göndərsinlər. Onun sözlərinə görə, icra hakimiyyətlərindəki mümkün süründürməçiliyin qarşısının alınması, yarana biləcək çətinliklərin hüquqi yolla aradan qaldırılması üçün tutarlı əsas ola bilər: “İcra hakimiyyəti 3 ay ərzində sifarişçiyə tikintiyə başlamaq üçün icazə vermirsə, həm də ona irad bildirməsə, vətəndaş vəzifəli şəxsin hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət edə bilər”.
Beləliklə, iki ay əvvəl qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsi bu sahədə ciddi dəyişikliklərə yol açsa da, hələ faktiki olaraq heç nə dəyişməyib. Baxmayaraq ki, fərdi mənzil tikmək arzusunda olan minlərlə evsiz ailə uzun müddətdir Azərbaycanda ciddi müzakirə mövzusu olan tikinti və şəhərsalma qaydalarının sadələşdiriləcəyini səbirsizliklə gözləyirdi. Düzdür, yeni Məcəllənin təsdiq olunması ilə qaydalar xeyli sadələşib, tikintiyə icazə müddəti qısaldılıb, icra hakimiyyətindən asılılığın azaldılıb. Amma görünən odur ki, bu sadələşdirmələr hələ ki, icra oluna biləcək halda deyil. Görünür, elə bu səbəbdəndir ki, icra hakimiyyətləri yuxarıdan təlimat gözləyir, bəziləri isə çıxış yolunu tikintiyə köhnə qaydada sərəncam verməkdə görür.