Estetik əməliyyatlar: riskdən necə yayınmalı? - REPORTAJ
İnsanlar həmişə gözəl görünməyə çalışırlar. Xüsusən də qadınlar. Gözəllik isə qurban tələb edir. Müasir dövrümüzdə bu qurban estetik əməliyyat masasına uzanmaq sayılır desək, bəlkə də yanılmarıq. Təəssüf ki, heç də bütün estetik əməliyyatlar uğurlu olmur. Ölkəmizdə uğursuz, eləcə də ölümlə nəticələnən plastik cərrahiyyə əməliyyatları dəfələrlə baş verib və bunun səbəbləri hər zaman müzakirə mövzusu olub.
Uzman doktor Vüqar Ələkbərov APA TV-yə müsahibəsində deyib ki, ümumiyyətlə, ölüm riski bütün əməliyyatlar üçün keçərlidir. Bu risk estetik əməliyyatlarda da özünü göstərir. Əgər xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər: "Burun əməliyyatı zamanı ölüm hallarının artması deyə bir statistika yoxdur, amma digər əməliyyatlar kimi, plastik cərrahiyə zamanı da bu hal baş verə bilər. Riski daha çox olan plastik əməliyyatlar var. Burun əməliyyatları zamanı ölüm riskinin artmasına gəlincə, bu, bilavasitə xəstəxanada olan şəraitdən, həkimlərin istifadə etdiyi avadanlıqların qeyri-qənaətbəxş olmasından irəli gəlir. Hər bir xəstə narkoz aldığı zaman tənəffüsü yavaşıya, təzyiqi düşə bilər. Buna dərhal ixtisaslı həkimlər tərəfindən müdaxilə edilməlidir. Təəssüflər ki, bu gün bəzi estetik cərrahlar əməliyyata tək başlayır, nəticədə isə ölüm və yaxud digər neqativ hallar ortaya çıxır. Reanimasiya şəraitinin olmadığı xəstəxanalarda ölüm riski daha böyük ola bilər. Məsləhətim odur ki, ən kiçik əməliyyatları etdirmək üçün normal şəraitli və yetərli qədər həkim heyəti olan xəstəxanalara üz tutsunlar".
Vüqar Ələkbərovun sözlərinə görə, xəstənin qan, ürək, diabet, revmatizm, damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı ola bilər ki, bu da ölüm səbəbidir. Bu problem əməliyyata qədər ortaya çıxmaya və əməliyyat ona təkan vermiş ola bilər. Xəstəni əməliyyata alanda bunları yaxşı təhlil etmək lazımdır.
Estetik cərrahlar hesab edir ki, plastik əməliyyat heç də cərrahi bıçaqla həyata keçirilən bir makyaj deyil, ona ciddi yanaşmaq lazımdır: "Əgər plastik cərrahiyyənin məşhurlaşdığı zamanlarda daha çox burun əməliyyata məruz qalırdısa, indi bu statistika tamam dəyişib. Bədəndə reallaşdırdığımız abdominoplastika, liposaksiya, mamoplastika əməliyyatlarından sonra pasientlərimiz artıq zövqlərinə uyğun paltarlar geyinib, sosial-mədəni məclislərə könül rahatlığı ilə gedə bilirlər. Saç əkdiyimiz insanlar artıq yaşlılıq komplekslərini bir kənara qoyub idmana gedir və buna rəğmən, gənclik illərində olduqları kimi həyata yaşamağa daha böyük həvəs göstərirlər. Kombinə əməliyyatı vasitəsilə bütün qüsurlar aradan qaldırılır və bu, bir neçə saat içərisində artıq komplekslərdən azad olmaq deməkdir. Hazırda estetik əməliyyatlar içərisində ilkin yerlərdən birini məhz kombinə əməliyyatları tutur. Bura üz dartılması, qaş qaldırma, burun əməliyyatları daxildir. Ən əsası isə sadaladığım bu əməliyyatlar eyni gündə kombinə olunaraq həyata keçirilir".
Vüqar Ələkbərovun sözlərinə görə, hər bir pasientin istəyi reallaşacaq əməliyyatın ağrısız keçməsi və əməliyyatdan sonrakı dövrün də eynən ağrısız ötüşməsidir. Bundan əlavə, yaş məhdudiyyəti əməliyyatların özünə bağlıdır.
Mütəxəssis müasir dövrdə saç tökülməsinin də günün ən aktual problemlərindən olduğunu bildirib. Bəzi insanlar problemdən çıxış yolu kimi saç əkilməsi kimi estetik əməliyyata müraciət edirlər. Plastik cərrah isə deyib ki, saçın əkilməsi saç köklərinin miqdarından asılıdır. Əməliyyatdan öncə pasientin sağlamlıq durumu ciddi şəkildə analiz edilməlidir. Məsələn, diabetə meylli insanlarda saçı tək-tək əkmək düzgün sayılmır. Çünki belə adamlarda yara gec sağaldığı üçün infeksiya riski artmış olur: "Keçəlləşməyə daha çox kişilərdə rast gəlindiyi üçün güclü cinsin nümayəndələrinin həmin əməliyyata meyli qadınlara nisbətən çoxdur. Bu əməliyyat asan olmasına baxmayaraq, vaxt və səbir tələb edir. Məhdud keyləşdirmə yolu ilə başın arxa hissəsindən saç alınaraq saçsız hissələrə paylanılır. Pasientin nəticədən razı qalması üçün əkim əməliyyatının 2 və ya 3 seans davam etdirilməsi lazımdır. Seanslar arasında isə ən az 6 ay müddətin olması məsləhətdir".
Estetik cərrahların gəldiyi nəticə isə budur ki, arzuedilməz nəticələrin yaşanmaması üçün düzgün həkim, düzgün xəstə və doğru diaqnoz çox önəmlidir. Bunlara diqqət edilərsə, heç bir neqativ nəticədən söhbət gedə bilməz. Əsas şərt xəstənin həkim nəzarətində olmasındadır. Plastik əməliyyat keçirəcək şəxslərə məsləhətlər verməyi də unutmayan estetik-cərrah deyir ki, müraciət edən pasient əvvəldən keçirdiyi xəstəliklərlə bağlı açıq olmalı, istifadə etdiyi bütün dərmanlar barədə həkiminə tam məlumat verməli, əməliyyatı həyata keçirəcək həkim yaxşı araşdırılmalı və seçici olmalıdır. anestezioloqun da cərrah qədər önəmli olduğu yaddan çıxarılmamalı və xəstə əməliyyatdan öncə anestezioloqla mütləq görüşməlidir: "Əməliyyat qərarı vermədən öncə biz pasienti hərtərəfli müayinə edirik. Narkoza davamlılığından başlamış, ürək və digər orqanların, qan analizlərinin yoxlanılmasına başlayırıq. Bəzi xəstələr var ki, onların vəziyyəti daha ağır olur. Amma onlar belə yetərli müayinə və müalicə olunduqdan sonra istədikləri estetik əməliyyata bəzən hazır ola bilirlər".
Vüqar Ələkbərov bildirib ki, plastik əməliyyatdan sonra xəstələr həyatda özlərinə güvənir və özlərini xoşbəxt hiss edirlər.