Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə artıq ənənəvi hal almış Qlobal Bakı Forumu (IV) martın 10-da öz işinə başladı. Qeyd edək ki, ilk forum (Cənubi Qafqaz Forumu) 2013-cü ilin 5-8 may tarixində 29 ölkədən 142 nümayəndənin iştirakı ilə “Müştərək cəmiyyətlər və qadın azadlıqları” mövzusunda təşkil olunub. İkinci forum (Açıq Cəmiyyətlər Forumu) 2014-cü il 27-29 aprel tarixində “Post 2015 gündəliyi və müştərək cəmiyyətlər” mövzusunda keçirilib. İkinci forumda 42 ölkədən 165 nümayəndə iştirak edib. 2015-ci ilin 28-29 aprel tarixində keçirilmiş III Qlobal Bakı Forumunun mövzusu isə “Yeni dünya düzənində etimadın bərpa edilməsi” olub və bu toplantıya dünyanın 72 ölkəsindən 350-dən çox nümayəndə qatılıb.
2013-cü ildən etibarən dünyanın müxtəlif ölkələrindən hazırkı və sabiq dövlət və hökumət başçıları, alimlər və ictimai xadimlərin iştirakı ilə reallaşan Forumda dünyanın real siyasi- iqtisadi mənzərəsi ortaya qoyulur, baş vermiş və baş verəcək təhlükəli situasiyaların həlli yolları araşdırılır. Qeyd etmək lazımdır ki, mövcud vəziyyət bu səpkidə beynəlxalq forumların keçirilməsini daha da zəruriləşdirir. Çünki günü-gündən dünyamız yeni münaqişə ocaqları, yeni dini- siyasi çəkişmələr, yeni böhranlarla üzləşir. Bu çətinliklərin, qarşıdurmaların sabit yolla həlli yalnız danışıqlar, müzakirələr, yekdilliklə mümkündür. Əks təqdirdə dünya nizamının qeyri-sabit bir məcraya doğru axının qarşısında dayanmaq olmaz.
Hal-hazırda “Çoxqütblü dünyaya doğru” mövzusunda 10-12 mart tarixlərində davam edən və Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Qlobal Bakı Forumunda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Bu forumun birinci günü dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə edilir və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılır. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində toplanan IV Qlobal Bakı Forumunun gündəliyinə bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri də daxil edilmişdir. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də fikir mübadiləsinə çevrilib. Müzakirələrdə, eyni zamanda Dağlıq Qarabağ problemi, qaçqın və məcburi köçkünlərin vəziyyəti, Azərbaycana qarşı olan ikili standartlar dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Azərbaycan Respublikasının humanist siyasətinin tanıdılması istiqamətində Forumun böyük əhəmiyyəti vardır. Beynəlxalq arenada baş verən bu qədər problemlərin, kataklizmlərin olduğu dövrdə Azərbaycan stabil ölkə kimi dünyanın qlobal problemlərinin həlli mərkəzinə çevrilib. Dünyada stereotiplərin, yoxsulluğun, ayrı-seçkiliyin, münaqişə ocaqlarının mövcudluğunu nəzərə alaraq bu problemlərin aradan qaldırılmasında belə tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir. Bakı Qlobal Forumu multikulturalizm və sivilizasiyalar arasında anlaşmanın ən bariz nümunəsi olmaqla, əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik, tolerantlıq və sülhün təşviqi kimi vahid məqsəd ətrafında birləşir.
Nailə Məmmədova
“Azerbaijan Realities” analitik qrupunun üzvü