Tahir Rzayev: “Əmlak vergisindən yığımları yüksəltmək üçün yeni tikilmiş qeydiyyatsız evlər də sənədləşdirilməlidir”
Yerli özünüidarə qurumlarının normal fəaliyyəti üçün onların maliyyə potensialının güclü olması vacib şərtdir. Amma maliyyə imkanlarının zəif olması bələdiyyələrə öz səlahiyyətlərini tam şəkildə yerinə yetirməyə imkan vermir. Nəticədə əhalinin bu qurumlara inamı azalır və cəmiyyətdə bələdiyyələrin lazımsız qurum olması fikri formalaşıb.
Beynəlxalq təşkilatlar və müstəqil ekspertlər Azərbaycanda real yerli hakimiyyətin formalaşması üçün bələdiyyələrə əlavə maliyyə təminatının verilməsini tövsiyə edir. Dövlət qurumlarının nümayəndələri isə yerli özünüidarə orqanlarının kifayət qədər səlahiyyətlərinin və ona uyğun maliyyə mənbələrinin olduğu bildirirlər. Nəticə bundan ibarətdir: fəaliyyətə başlamalarından 14 il keçməsinə baxmayaraq, bələdiyyələr özünüidarə orqanı kimi özünü təsdiq edə bilmək üçün yerli əhəmiyyətli problemlərin həllində güc nümayiş etdirə bilmir. Çünki pul yoxdur. Hətta bələdiyyələr özlərinin əsas gəlir mənbəyi olan fiziki şəxslərdən əmlak vergisini də tam şəkildə yığa bilmir. Reallıq belədir ki, hazırda ölkə üzrə həmin növ vergi yığımlarının səviyyəsi 70 faizi ötmür. Bəzi bələdiyyələrdə isə həmin vergilərin cəmi 2-3 faizi yığılır.
Bəs, 1999-cu ildə böyük iddialarla, çeşidli vədlərlə fəaliyyətə başlayan, hətta indiki icra hakimiyyətlərinin funksiyalarını yerinə yetirməyə hazırlaşan yerli özünüidarə qurumlarını bu durumdan necə çıxarmalı?
Bəri başdan deyək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycanda yerli vergilərin yığımı ilə bələdiyyələr məşğul olur. Bura 4 növ vergi daxildir: fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Bundan başqa, bir neçə adda yerli ödənişlər də bələdiyyələrə ödənilir. Buraya bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsi və yayımından, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə xidmətlərindən, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərilən şəxslərdən tutulan ödənişlər daxildir. Bundan başqa, bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişlər də yerli özünüidarə qurumları tərəfindən yığılır.
Hüquqi şəxslərin əmlak vergisi bələdiyyələrə verilsin
Bununla belə, bələdiyyələrə verilən vergi və ödənişlərin qanunla müəyyən edilən məbləğinin az olması, üstəlik bu vəsaitlərin yığımındakı çətinliklər yerli özünüidarə qurumlarını çətin vəziyyətə salır. Elə bu səbəbdən də hökumət dotasiyalar hesabına bələdiyyələri, belə demək mümkünsə, ayaqda saxlamağa çalışır. Lakin bu da bələdiyyələrin maliyyə ehtiyaclarını ödəməyə kifayət etmir. Bu səbəbdən istər ictimai təşkilatlar, istərsə də parlament səviyyəsində bələdiyyələrə əlavə maliyyə mənbələrinin verilməsi məsələsi tez-tez gündəmə gəlir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, bu problemlərin həlli üçün bəzi tədbirlərin həyata keçirilməsi vacibdir. Onun sözlərinə görə, bələdiyyə büdcəsinə vergi daxilolmaları əsasən, fiziki şəxslərin torpaq və əmlak vergisi hesabına formalaşır. Belə ki, vergi gəlirlərinin təxminən 90 faizə qədəri məhz bu iki verginin payına düşür. Amma bu vəsaitlərin məbləği o qədər kiçikdir ki, bununla bələdiyyələrin hansısa yerli əhəmiyyətli layihəni reallaşdırması mümkün deyil: “Ona görə də bələdiyyələrin mövcud vergi mənbələrindən səmərəli istifadə etmələrini təmin etmək üçün vergitutma mexanizmlərinin təkmilləşdirilməsinə, vergi intizamının gücləndirilməsinə, bu sahədə səlahiyyət bölgüsünə yenidən baxılmasına ehtiyac var”.
Samir Əliyev bu sırada hüquqi şəxslərin əmlak vergisinin də bələdiyyələrə verilməsini təklif edir. Onun sözlərinə görə, hüquqi şəxslərin əmlak vergisi hesabına hər il dövlət büdcəsinə təxminən 130-150 milyon manat civarında vəsait daxil olur. Bu isə bələdiyyələrin illik büdcəsindən 4 dəfə çoxdur. Ekspert hesab edir ki, həmin vergilər bələdiyyələr səlahiyyətinə verilsə, bu qurumlar həm çevik idarəetmə orqanı kimi özünü təsdiq edər, həm də yerlərdə sosial yönümlü problemlərin həllinə daha ciddi təsir göstərmək imkanı qazanar.
Vergi bölgüsü: bələdiyyələrə 11, büdcəyə 180 milyon manat
Yeri gəlmişkən, hazırda hüquqi şəxslərin əmlak və torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərdən tutulan həmin növ vergilər isə bələdiyyələrə ödənilir. Rəsmi statistikaya əsasən, 2012-ci ildə fiziki şəxslərdən 4 milyon manat torpaq vergisi, 7 milyon manat əmlak vergisi toplanıb. Hüquqi şəxslərdən isə həmin il 48 milyon manat torpaq, 132 milyon manat əmlak vergisi yığılıb. Bu, o deməkdir ki, 2012-ci ildə torpaq və əmlak vergisindən bələdiyyələrə cəmi 11 milyon, dövlət büdcəsinə isə 180 milyon manat ödənilib. Halbuki həmin il ölkədə fəaliyyət göstərən 1718 bələdiyyənin ümumi büdcəci 36 milyon manat olub.
Məsələ ondadır ki, böyük əksəriyyət indiki şəraitdə hüquqi şəxslərin əmlak və torpaq vergisinin bələdiyyələrə verilməsini real saymır. Elə Samir Əliyev də hökumətin belə bir dəyişikliyə gedə biləcəyinə inanmır. Onun fikrincə, hüquqi şəxslərdən yığılan vergilərin bələdiyyələrə verilməsi 2 il əvvəl daha real idi: “İndi isə neft gəlirləri tədricən azalır və bu büdcə gəlirlərinin formalaşmasına ciddi təsir edir. Neft gəlirlərinin azaldığı indiki şəraitdə hökumət əlindəki vergi mənbələrini dövlət büdcəsindən ayırmaz. Əksinə, hazırda Azərbaycanda büdcə kəsirlərini doldurmaq üçün vergi gəlirlərinin qaldırılması siyasəti yürüdülür. Belə olan halda bələdiyyələri maliyyə böhranından çıxarmağın ən real yolu bütövlükdə vergi sistemini təkmilləşdirməkdir. Daha işlək bir mexanizm tətbiq etməklə bələdiyyələrin vergi yığımını ən azı 10 faiz civarında artırmaq mümkündür”.
Fiziki və hüquqi şəxslərdən əmlak vergisini necə birləşdirməli?
Samir Əliyev deyir ki, fiziki şəxslərdən əmlak vergisinin yığımındakı problemin əsas səbəbi vergitutma obyekti olan daşınmaz əmlakın inventar dəyərinin olmamasıdır. Onun sözlərinə görə, bu, kənd yerlərində özünü daha qabarıq göstərir. Belə ki, hazırda kənd evlərinin 90 faizdən çoxunun inventar dəyəri yoxdur. Üstəlik inventar dəyəri olan evlərin də vergiyə cəlb edilməsində problemlər var: “Bu problemin həlli də vergi bazasının təkmilləşməsindən asılıdır. Yəni fiziki şəxslərin mülkiyyətindəki əmlak kütləvi şəkildə inventarlaşdırılmalı və bu əmlaklar bazar dəyəri əsasında vergiyə cəlb olunmalıdır. Bu zaman əmlak
sahəsinin ölçüsü də əsas götürülməlidir”.
O ki, qaldı fiziki və hüquqi şəxslərdən yığılan əmlak və torpaq vergisinin vahid sistemdə birləşdirilməsinə, ekspert deyir ki, yeni mexanizmə əsasən, hüquqi şəxslərin əmlak vergisi dövlət vergisi statusundan çıxarılır və yerli vergilərə daxil edilir. Bunun üçün Vergi Məcəlləsinin müvafiq maddələrinə dəyişikliklər edilir. Hüquqi şəxslərin əmlak vergisi “orta illik qalıq dəyəri” əsasında yox, “bazar dəyəri” əsasında hesablanır. Yığılan vergi hüquqi şəxsin yerləşdiyi ərazinin yerli büdcəsinə köçürülür. Bunun nəticəsində bələdiyyələrin büdcə gəlirləri ən azı 20-30 dəfə arta bilər. Yeni mexanizm həmçinin əhalidə vergi mədəniyyətinin formalaşmasına imkan verəcək”.
Qeydiyyatsız evlər sənədləşdirilməlidir
Milli Məclisin Regional siyasət Komitəsinin üzvü Tahir Rzayev də bu sahədə ciddi təkmilləşdirməyə ehtiyac olduğunu deyir. Onun sözlərinə görə, hər şeydən əvvəl bələdiyyələrin fiziki şəxslərdən əmlak vergisini yığa bilməsinə mane olan səbəblər aradan qaldırılmalıdr. O, bələdiyyələrin fiziki şəxslərdən əmlak vergisini yığa bilməməsinin əsas səbəbini əmlakın inventar dəyərinin hələ də müəyyən edilməməsində görür: “İndiyədək əmlakların böyük əksəriyyətinin qiyməti dəqiqləşdirilməyib, qeydiyyatsız tikilən evlən uçota alınmayıb. Bunların hər biri ayrı-ayrılıqda ciddi problemlərdir və nəticə bələdiyyələr çox çıxılmaz vəziyyətdə qalır”.
Millət vəkili əmlakların çox aşağı faizlə qiymətləndirilməsi də bələdiyyələrin maliyyə təminatında problem yaradır. Belə ki, əmlakların qiymətləndirilməsi normativ aktlara uyğun aparılmır. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, inventar dəyəri 5 min manatadək olan əmlakdan vergisi tutulmur. Bu dəyər 5 min manatdan yuxarı olduqda isə 0,1 faizi alınır: “Bəzi adamlar evlərini aşağı qiymətləndirirlər ki, vergi ödəməsinlər, yaxud da az ödəsinlər. Bəzən çox bahalı villaya elə qiymət qoyurlar ki, mütəxəssis olmayan adam da onun qiymətinin dəfələrlə aşağı hesablandığını görür”.
Tahir Rzayev ölkədə əmlak vergisindən yığımları yüksəltmək üçün yeni tikilmiş qeydiyyatsız evlərin də sənədləşdirilməsini vacib sayır. Bu məsələnin hələ bir neçə il əvvəl ölkə başçısı səviyyəsində qaldırıldığını xatırladan millət vəkili deyir ki, qeydiyyatsızlıq əmlak vergisinin yığımında bələdiyyələrə ciddi problemlər yaradır: “İstər Bakıda, istərsə də rayonlarda minlərlə ev var ki, heç bir yerdə qeydiyyatı yoxdur. Hətta kənd yerlərində belə, yeni tikilən evlərin çoxu sənədsizdir. Bu evlərin hamısı təcili şəkildə qeydiyyata alınmalıdır, onlar sənədləşdirilməlidir ki, qanunun müəyyən etdiyi qaydada vergiyə cəlb olunsun”.