Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.
Səfirlikdən Lent.az-a verilən məlumata görə, Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistanın BƏƏ-dəki diplomatlarının da qatıldığı tədbirin açılışında çıxış edən səfir Daşqın Şikarov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixinin XX-XXI əsrlərdəki müstəsna əhəmiyyətindən bəhs edərək, onun SSRİ və post SSRİ dönəmlərindəki Azərbaycan üçün gördüyü mühüm işlərə geniş yer ayırıb. Vurğulayıb ki, məhz dahi şəxsiyyətin ardıcıl müdrik siyasəti hesabına Respublikamız istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində dinamik inkişafa imza atıb, geniş iqtisadi və sosial intibah dövrünə qədəm qoyub.
Səfir Heydər Əliyevin fitri və zehni istedadı, eləcə də təhsildə mükəmməl nəticələri sayəsində Azərbaycan SSR-ə rəhbərlik etdiyini, habelə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində və SSRİ Nazirlər Sovetində yüksək postlar tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, məhz Ulu Öndərin qətiyyəti nəticəsində ermənilərin Dağlıq Qarabağı ilhaq etməsi üzrə planların puç olduğunu vurğulayıb.
Sonra səfir bildirib ki, həqiqi Ali Baş Komandan keyfiyyətlərini də özündə ehtiva edən məhz Heydər Əliyev pərakəndə olan milli ordunun vahid mərkəzdə cəmləşdirməyibacarıb və ölkəmizin Avro-Atlantik məkana inteqrasiya kursunun, o cümlədən Qərblə əlaqələrin, İslam və ərəb dünyası ilə isə tarixi əlaqələrin milli maraqlarımız prizmasından yenidən təşkilinin memarıdır.
Heydər Əliyev irsinin yetişən nəsillərə çatdırmaqla yanaşı, humanitar, mədəniyyət və təhsil sahələrində layihələrin icrası vasitəsi ilə Heydər Əliyev şəxsiyyətinin həm ölkənin daxilində, həm də dünya miqyasında daha da geniş tanıdılması işində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti haqqında müfəssəl məlumat verən səfir D.Şikarov Fondun gördüyü bütün işlərin və həyata keçirdiyi layihələrin Heydər Əliyev adının milyonlarla insanın qəlbində yaşatdığını qabardıb.
Sonra nitq söyləyən Baş Konsul Pərviz İsmayılzadə Heydər Əliyevin keçdiyi ömür yolundan geniş danışarkən bu yolun SSRİ təhlükəsizlik və siyasi sistemlərdəki keşməkeşli olduğuna diqqət çəkib, ermənilərin Kremldəki havadarlarının dəstəyi ilə ona qarşı məkrli planlarına toxunub.
Baş konsul bildirib ki, Heydər Əliyev ölkəmizin uğurlu beynəlxalq və regional siyasətinin müəllifidir. Bu siyasət ölkəmizin qlobal səviyyədə həm siyasi, həm də iqtisadi önəmini artırıb.
Çıxışların ardınca qonaqlar Heydər Əliyev haqqında sənədli filmi və 4-cü İslam Həmrəyliyi Oyunları haqqında video çarxı izləyib, eləcə də bu Oyunlara həsr edilən foto stendlə tanış olublar.