Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
16 oktyabr 2017 13:32 (UTC +04:00)

Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Bu gün Elmin İnkişafı Fondunun (EİF) keçirdiyi "2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, EİF-nin icraçı direktoru Elçin Babayev bildirib ki, fondun “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq müsabiqə təşkil olunub. Onun sözlərinə görə, mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur.

 

Fond rəsmisi qeyd edib ki, “2016-cı ilin alimi” mükafatı müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə elmi məqalələri dərc olunmuş, digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılması olub.

 

E.Babayev vurğulayıb ki, müsabiqənin nəticələrinə əsasən, “2016-cı ilin alimi" , “2016-cı ilin gənc alimi"  nominasiyaları üzrə 12 alim (8 alim "2016-cı ilin alimi", 4 alim "2016-cı ilin gənc alimi") qalib elan olunub. Qaliblərdən 6-sı AMEA-nın müxtəlif institutlarını, digər 6 qalib isə Bakı Dövlət Universiteti (3 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edir. Müsabiqə nəticəsində fizika, riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 4, tibb, biologiya və aqrar elmləri üzrə 2, humanitar və ictimai elmlər üzrə 3 alim qalib elan olunub.

Mükafat müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 32000 manatdır. "2016-cı ilin alimi" nominasiyası üzrə mükafatın həcmi 3000 manat, "2016-cı ilin gənc alimi" nominasiyası üzrə 2000 manat  təşkil edib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, son illər ölkədə sosial və humanitar proqramlar uğurla icra olunur. Onun sözlərinə görə, elmin maliyyələşməsi hər zaman problem olaraq qalır: "Büdcədən maliyyələşmə təbii ki, azdır. Hər zaman demişəm ki, elm özü-özünü maliyyələşdirməlidir. Bunun üçün bir sıra əlavə imkanlar var. 8 il ərzində fəaliyyət göstərən Elmin İnkişafı Fondunun həyata keçirdiyi layihələr çərçivəsində alimlərin fəaliyyətinin qiymətləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Bu gün mükafatlandırılması keçirilən müsabiqə də alimlərin fəaliyyətinin stimullaşdırılması üçün əlavə tədbirlərdən biridir".

 

 

Tədbirin sonunda qaliblərə xüsusi hazırlanmış adlı medal və diplomlar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar