Elman Rüstəmov UNEC-də olub
20 iyun 2016 18:28 (UTC +04:00)

Elman Rüstəmov UNEC-də olub

 

Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Universitetin rektoru Ədalət Muradov Mərkəzi Bank sədri, eyni zamanda universitetin fəxri məzunu Elman Rüstəmovla görüşün UNEC-in elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfəsini verəcəyini bildirib. Ə. Muradov UNEC-in artan nüfuzundan danışıb: “Universitetimiz dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərində yer alır. “Webometrics” reytinqində UNEC ardıcıl olaraq, iki dəfə Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb. İyunun 14-də QS reytinqinin açıqlamasında UNEC Avropa və Mərkəzi Asiya regionunun ən yaxşı 200 universiteti arasında qərarlaşaraq, iqtisadyönümlü universitetlər arasında 4-cü yerə yüksəlib”.

 

AMB sədri Elman Rüstəmov ölkənin aparıcı universitetlərindən olan UNEC-də iqtisadçı mütəxəssis və ekspertlərlə müzakirələr aparmağın əhəmiyyətini vurğulayıb. AMB sədri “İqtisadi artım və makroiqtisadi siyasət” mövzusunda məruzə ilə çıxış edib. E.Rüstəmov son on ildə qazanılan makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, monetar siyasət, bankların kapitallaşması barədə ətraflı məlumat verib. Bildirib ki, regionda son dövrlər baş verən hadisələrə və dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlayıb. İqtisadiyyatda qeydə alınan müsbət dinamikanın qeyri-neft sektorunun inkişafı hesabına təmin edildiyini diqqətə çatdırıb. Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da ən yüksək göstəricidir.

 

E.Rüstəmov bundan sonra da makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bankın hökumətlə birgə həyata keçirəcəyi kompleks tədbirlərdən danışıb: “Mərkəzi Bank 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək”.

 

Bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu bildirən E.Rüstəmov banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü də qeyd edib.

 

E. Rüstəmov nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsinın Mərkəzi Bankın fəaliyyətinin mühüm hədəflərindən olduğunu da vurğulayıb: “Yeni çağırışlardan irəli gələn vəzifələrin icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafı vacib rol oynayacaq”.

 

Tədbir müzakirələrlə davam edib. UNEC iqtisadçıları makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi, xüsusilə neftdən kənar sahələrin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə öz təkliflərini veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar