Ələt-Hacıqabul yolundakı yanğınla bağlı rəsmi açıqlama
19 iyun 2013 12:19 (UTC +04:00)

Ələt-Hacıqabul yolundakı yanğınla bağlı rəsmi açıqlama

ETSN əhaliyə müraciət etdi

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dünən Ələt-Hacıqabul yolunun kənarında, “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisinin yaxınlığındakı boş çöllük-təpəlik sahədə baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1000 hektara yaxın çöllük-təpəlik ərazini əhatə edən yanğın ETSN-nın yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səylərinə baxmayaraq güclü külək nəticəsində yayılaraq, Ələt-Hacıqabul yolunun kənarında “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyəti tərəfindən salınmış təxminən 0,4 hektar yaşıllıq ərazini də əhatə edib: “Baş vermiş yanğın nəticəsində ETSN işçilərinin uzun illərlə çətin zəhmət hesabına ərsəyə gətirdiyi, eyni zamanda yoldan keçən insanların zövqünü oxşayan Eldar şamı cinsindən olan 156 ədəd yetkin ağaca qismən ziyan dəyib”.


Yanğın ETSN-nin yerli qurumlarının və FHN-nin yanğınsöndürmə dəstələrinin köməyi ilə saat 15:00 radələrində tamamilə söndürülüb.
 

ETSN havaların isti və küləkli keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, söndürülməmiş siqaret kötüklərini atmamağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan yaşıllıqları qorumağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar