Əlaçı medalının arxa üzü - ARAŞDIRMA
31 avqust 2013 15:59 (UTC +04:00)

Əlaçı medalının arxa üzü - ARAŞDIRMA

2013/2014-cü tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanları artıq arxada qalıb. İyulun 14-də III ixtisas qrupundan start götürən imtahan prosesi avqustun 3-də II qrupda yekunlaşdı. Yekun nəticələrə görə bu il ali məktəblərə qəbul üçün ərizə vermiş 100 min 778 abituriyentin 33 min 745-i ali məktəblərə qəbul olub. Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sentyabrın 4-dək daxil olduqları universitetlərdə qeydiyyatdan keçməsi ilə builki qəbul kampaniyası (orta ixtisas məktəbləri istisna olmaqla – E.S.) tam şəkildə başa çatacaq.

 

Beləliklə, 11 illik təhsil bazasından ali məktəblərə qəbul imtahanlarının yekun nəticələrindən danışmaq olar. Builki qəbul kampaniyası əvvəlki illər üçün o qədər də nəzərə çarpmayan bəzi mühüm məqamları üzə çıxarıb. Orta təhsildəki yekun qiymətləndirmə ilə bağlı nəticələrin ali məktəbə qəbul imtahanlarındakı nəticələrlə üst-üstə düşməməsi bu il diqqəti daha çox cəlb etdi. Xüsusilə də orta məktəbi qızıl və gümüş medalla bitirən abituriyentlərin göstərdikləri nəticələrə münasibətdə.

 

Xatırladaq ki, bu il Azərbaycanda 238 şagird orta məktəbi qızıl, 10 şagird gümüş medalla bitirib. Bu isə o deməkdir ki, orta məktəbi fərqlənmə, yəni “əla” qiymətlərlə bitirib medal alan məzunlar ali məktəblərə qəbul imtahanlarında da maksimum nəticəyə - 700 bal toplamağa qadir olmalıdır. Amma orta məktəbi qızıl və gümüş medalla bitirən həmin 248 məzundan cəmi 3 nəfəri öz bilik səviyyəsini ali məktəblərə qəbulda təsdiqləyə bilib. Belə ki, medalçılardan yalnız 3 nəfəri ali məktəbə qəbul imtahanlarında 700 bal toplayıb (cəmi 1 faiz). Həmin 248 medalçı abituriyentdən 145 nəfəri (ümumi medalçıların 58 faizi) 600-699 bal, 49 nəfəri (20 faiz) 500-599 bal, 22 nəfəri (9 faiz) 400-499 bal, 12 nəfəri (5 faiz) 200-399 bal toplayıb. Medalçıların 16 nəfəri (6,5 faizi) isə xarici ölkələrin nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.

 

Ən maraqlısı isə odur ki, bu il orta məktəbi yüksək qiymətlərlə bitirərək medal alan məzunlar arasında ali məktəbə qəbul olmayanlar da var. Hətta onlardan 1 nəfəri ali məktəbə qəbul imtahanında cəmi 140 bal toplayıb. Qızıl medal alanlar arasında ümumiyyətlə, TQDK-nın təşkil etdiyi qəbul imtahanlarında iştirak etməyənlər də var.

 

Medallı məzunların sayı artır, bəs, rekordçular?

 

Yeri gəlmişkən, son illər orta məktəbi qızıl və gümüş medalla bitirən şagirdlərin sayında artım müşahidə olunur. Belə ki, 2011-ci ildə Azərbaycanda 37 şagird qızıl, 16 şagird gümüş medala layiq görülüb. Ötən il bu nisbət müvafiq olaraq 118 və 20-yə çatıb. Amma belə görünür ki, orta məktəblərdəki qiymətləndirmə ali məktəbə qəbulda heç də özünü təsdiqləmir. Deməli, TQDK-nın uzun illərdir attestat qiymətlərinin şişirdildiyi barədə narahatlıqları təsadüfi deyil. Bu tərsmütənasiblik hətta o səviyyədədir ki, orta məktəbi qızıl və gümüş medalla bitirən abituriyentlərin bir qismi ali məktəbə qəbul imtahanlarında medalı olmayan ortabab məzunlardan da aşağı nəticə göstərir. Bu, TQDK-nın hər il ali məktəblərə qəbul zamanı müsabiqədə iştirak üçün minimal keçid ballarını aşağı salmasına da az təsir göstərmir.

 

Bu məqamda orta məktəbi fərqlənmə, yəni qızıl və gümüş medalla bitirənlərin sayının artması fonunda ali məktəblərə qəbulda maksimum nəticə göstərənlərin sayında ciddi artımın olmamasını da yada salmaq yerinə düşər. TQDK-nın 21 illik elmi-statistik təhlilləri göstərir ki, Azərbaycanda test üsulunun tətbiq olunduğu 1992-ci ildən bəri ali məktəblərə qəbul imtahanlarında cəmi 33 abituriyent maksimum nəticə göstərib. İlk belə hal 2007-ci ildə qeydə alınıb və həmin il 3 abituriyent 700 bal toplayıb. 2008-ci ildə 6 abituriyent, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, bu il isə 6 nəfər ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayıb. Amma məsələ burasındadır ki, həmin “rekordçu abituriyentlər” heç də attestat qiymətləri “əla” olan məzunlar deyil. Bu xüsusda bir fakt diqqəti daha çox cəlb edir. Belə ki, əvvəlki illərdə 700 bal toplayaraq “rekordçu abituriyent” statusu alanlar daha çox Bakı məktəbliləri və ya özəl liseylərin məzunları idisə, indi bu nisbət kənd rayonlarının və ucqar kənd məktəbləri ilə balanslaşır. Ən maraqlı məqamlardan biri odur ki, bu il ilk dəfə olaraq, orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanında göstərdiyi nəticələrdən asılı olmayaraq attestat verilib. Bu isə buraxılış imtahanlarından “2” qiymət alan məzunlara belə, ali məktəblərə tələbə qəbulu imtahanlarına qatılmaq imkanı yaradıb. Nəticə gözlənilməz olsa da, maraqlı və düşündürücüdür: Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının özünün keçirdiyi buraxılış imtahanlarında “2” almış məzunlardan 128-i ali qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub. Onların arasında hətta 300-600 bal intervalı arasında nəticə göstərənlər də var.

 

Medalçılar necə seçilir?

 

Belədə çox mühüm bir suala cavab axtarmaq lazım gəlir: görəsən, qızıl və gümüş medal alan şagirdlər ali məktəblərə qəbul imtahanlarında niyə yüksək nəticə göstərə bilmir?

 

Bu sualın cavabını tapmaq üçün ilk növbədə orta məktəbi fərqlənmə ilə bitirən medalçıların necə müəyyənləşdirilmə diqqət yetirmək lazımdır. Nəzərə alsaq ki, sovet dövründə də əlaçı məzunlar qızıl və gümüş medallarla fərqləndirilirdi, onda Azərbaycanın bu məsələdə təcrübəsiz olduğunu söyləmək, bu məsələdəki qüsurları təcrübəsizliklə əlaqələndirmək doğru deyil. Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi 1990-cı illərin əvvəllərindən dayandırılıb. 2009-cu ildə yeni qəbul olunan “Təhsil haqqında” qanunda isə sovet təhsil sisteminin bu ənənəsinin bərpa edilməsi əksini tapıb. 2011-ci ildə Nazirlər Kabineti “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı təsdiq edib və həmin ildən orta ümumtəhsil məktəblərini bitirən məzunlara qızıl və gümüş medalların verilməsi bərpa olunub. Bu qaydalara uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir. Qızıl və ya gümüş medalla təltif üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu 2 “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) qiymət alanlar isə gümüş medala layiq görülürlər. Üstəlik qızıl və ya gümüş medala iddialı namizədlər nümunəvi davranışı ilə fərqlənməli, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlər olmalıdır. Amma...

 

Belə görünür ki, orta məktəbi qızıl və ya gümüş medalla bitirənlərin hamısı bu seçim kriteriyalarına heç də uyğun gəlmir. Başqa sözlə, 11 illik orta təhsildə qazandığı bilik və bacarıqlara görə Təhsil Nazirliyi tərəfindən qızıl və ya gümüş medalla təltif olunan məzunlar öz nailiyyətlərini ali məktəblərə qəbul imtahanlarında təsdiqləyə bilmir. Bu, təkcə orta məktəblərdə şagirdlərin yekun biliyinin qiymətləndirilməsində şəffaflığa şübhə yaratmır, həm də medalların verilməsi qaydalarına yenidən baxılmasını zərurətə çevirir. Belə bir təşəbbüs təhsil sahəsində böyük təcrübəsi olan mütəxəssislərlə yanaşı millət vəkillərindən də gəlir.

 

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə deyir ki, orta məktəb şagirdlərinə medalların ilin nəticələrinə görə deyil, ali məktəblərə qəbul imtahanlarında topladığı ballar əsasında verilməsi seçimin daha obyektiv olmasına şərait yarada bilər. Deputat hesab edir ki, orta məktəbi qızıl medalla bitirən məzun ali məktəbə qəbulda ən azı 650-700 bal intervalında nəticə göstərməlidir. Bu səbəbdən də medala namizədlər məhz qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər arasından seçilməlidir: “Kriteriya kimi qəbul imtahanlarında 650-700 bal arasında nəticə göstərənlərə qızıl, bundan bir qədər az bal toplayanlara isə gümüş medal vermək mümkündür. Hər halda, ballar əsasında hansısa kriteriya müəyyənləşməli və orta məktəbi fərqlənmə ilə bitirənlərin medalla təltif olunması qaydalarına bu şəkildə dəyişiklik olunmalıdır”.

 

YAP-çı alim, Milli Məclisin Elm və Təhsil Komitəsinin sabiq rəhbəri Şahlar Əsgərov qızıl və gümüş medalla təltif olunan məzunların sayında məhdudiyyətlərin tətbiq olunmasını təklif edir. Onun fikrincə, medalların yuxarı həddi müəyyənləşməyincə keyfiyyətə əsaslanan seçim etmək müəyyən subyektiv yanaşmalara şərait yaradacaq: “Qızıl və gümüş medalların verilməsində obyektivliyi qorumaq çox çətin, həm də məsuliyyətli işdir. Belə işi keyfiyyətli, obyektiv və dürüst aparmaq üçün çox diqqətli olmaq lazımdır ki, əlaçı şagirdlərin medallarla fərqləndirilməsi nəticə etibarilə təhsilin inkişafına gətirib çıxara bilsin. Düşünürəm ki, medalların sayı qaydalarda konkret rəqəm şəklində göstərilməlidir. Hər il Azərbaycanda orta məktəbi təxminən 100 min şagird bitirir. Bunların arasında orta hesabla 250 şagirdə medal verilməsi ən yaxşıların seçilməsi üçün kifayətdir”. Beləliklə, ölkənin ən tanınmış təhsil mütəxəssisləri də əlaçı medalının necə deyərlər, arxasında müəyyən qüsurların olduğunu gizlətmirlər. Medalçıların qəbul imtahanlarında yüksək nəticə göstərə bilməməsini isə orta məktəbi medalla bitirən məzunların ali məktəblərə imtahansız qəbul edilməsi barədə tez-tez səsləndirilən təkliflərə də tutarlı cavab saymaq olar. Bu, ali məktəblərə tələbə qəbulunun buraxılış imtahanları əsasında aparılmasını israr edənlərə də bir cavabdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1519
avatar

Elxan Salahov

Oxşar yazılar