Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş, Kürdəmir rayonlarında davam etdirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, həmin rayonlar üzrə səyyar şəkildə xidmət göstərilməsi üçün əvvəlcədən qeydiyyata alınmış ümumilikdə 213 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri ilə təmin edilib. Beləliklə, onların qeyd olunan protez-ortopediya məmulatları və reabilitasiya vasitələri ilə təmin olunmaq üçün paytaxt Bakıya gəlmələrinə ehtiyac qalmayıb.
Qeyd edək ki, 2013-cü ilin dekabr ayından indiyədək nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət səyyar tibbi-texniki briqadalar artıq bu vaxta qədər 30-a yaxın rayon üzrə səyyar formada xidmət həyata keçirib. Həmin rayonlar üzrə 800 nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edilib.