Bu ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən ilkin əlillik təyin olunmuş vətəndaşların sayı azalıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a veilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ilkin əlillik təyin olunmuş vətəndaşların sayı 5,5 faiz azalaraq 7330 nəfərə enib.
Həmin vətəndaşların da böyük bir qismini ötən ildən ilkin əlillik təyin olunan, lakin bununla bağlı müvafiq müayinə aktından çıxarışları gecikdirilmiş şəxslər təşkil edib. Yaradılmış işçi qrupları tərəfindən belə şəxslərin əlillik müayinəsi işləri yerindəcə bir daha araşdırılıb. Araşdırma nəticəsində əlillik təyinatları təsdiq edilənlər müvafiq müayinə aktından çıxarışlarla təmin olunublar.
Bununla yanaşı, bu ilin ilk rübündə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi 3,3 faizədək, hissəvi reabilitasiya göstəricisi 2 dəfəyədək yüksəlib. Təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı isə 9,4 faiz azalaraq 5496-a enib.