Ədalət Tahirzadə: “Meydan” gündəliyimi yazmağa başlayanda sədaqətli bir kommunist idim”
17 noyabr 2016 20:26 (UTC +04:00)

Ədalət Tahirzadə: “Meydan” gündəliyimi yazmağa başlayanda sədaqətli bir kommunist idim”

APA TV-nin “Manşet” proqramının bugünkü mövzusu 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunub. Tədqiqatçı-alim Ədalət Tahirzadə mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab verib.

 

- 1988-in 19 fevralında sovet hakimiyyəti illərində ilk dəfə olaraq Bakıda adamlar icazəsiz küçə yürüşü və mitinq keçirdilər. Onların gülləyə tutulmamasından duydum ki, xalqımızın tarixində indiyədək olandan fərqli, ancaq yaxşı-pisliyi hələ bilinməyən yeni bir mərhələ başlayır və bu gündən sonra baş verəcək hadisələri unutmamaq üçün onları hökmən yazıb saxlamaq gərəkdir, çünki belə şeyləri sovet mətbuatı yaxına buraxmayacaq.

 

- “Elm” qəzetinin redaktorluğundan yenicə ayrılıb elmi işlə məşğul olsam da, “köhnə” jurnalist kimi bu işdə özümün də fayda verə biləcəyimi qərarlaşdırıb Bakıda dörd il dörd ay boyunca baş verən, demək olar ki, irili-xırdalı əksər hadisələrin, eləcə də təkcə Bakıda yox, ölkəmizin bütün guşələrində baş qaldıran Azərbaycan Xalq hərəkatının iştirakçısına və “salnaməçi”sinə çevrildim. Açığı, o vaxt güman edirdim ki, bu yazdıqlarımı yalnız 20-30 ildən sonra nəşr etdirə bilərəm, ona görə də hər şeyi olduqca açıq yazmışdım.

 

- Bu kitab əsasən hadisələrin gedişi vaxtı meydanda, çox zaman ayaq üstündə yazdığım qeydlərdən ibarətdir. Düzdür, sonradan evdə bəzilərinin üstündə əl gəzdirib sistemləşdirmişəm, ancaq belələri azdır; çalışmışam ki, onları yazıldığı andakı biçimdə - ütüsüz, boyasız sizə çatdırım. Nəşr qabağı dəyişikliklər bəzi yerlərin atılmasından, ayrı-ayrı şəxslərin ünvanına yazılmış qeyri-məqbul ifadələrin götürülməsindən, yaxud yumşaldılmasından, eləcə də konkret mətləblə bağlı gərəkli sənədin qeydə artırılmasından ibarətdir.

 

- Bu gündəlik-qeydləri yazmaqda məqsədim siyasi-ictimai hadisələri təhlil süzgəcindən keçirmək olmayıb, mümkün qədər çox şeyi görmək və gördüklərimin içindən də çox şeyi seçib təsvir etməkdir. Məhz təhlilçilik yox, təsvirçilik yolu tutduğuma görə gözümdən və qulağımdan heç nəyin yayınmamasına güc qoymuşam.

 

- Mən heç vaxt heç bir siyasi qurum və hərəkatda lider olmamışam, əksinə, liderlərə yaxınlıqdan çəkinmişəm. Bu, hadisələrə liderlərin yox, öz mövqeyimdən qiymət verməkdə işimi xeyli yüngülləşdirib. Həmişə mikrofon arxasında yox, tribuna yanında, xalq içərisində dayanmağım xalqın əhval-ruhiyyəsini duymaqda, adamların nə düşündüyünü ümumiləşdirməkdə, kürsülərdən deyilən sözlərin doğru-əyriliyini seçməkdə mənə kömək edib.

 

- Bu gündəliklər 1988-dən 1992-yədək təkcə mənim yox, bütövlükdə xalqımızın dünyagörüşündəki dəyişikliklərin təkamülünü izləmək baxımından maraqlı ola bilər. Onları yazmağa başlayanda mən Elmlər Akademiyası partiya komitəsinin üzvü olan sədaqətli bir kommunist, fəal yenidənqurma tərəfdarı idim, Sovet dövlətinə inamım vardı. Ancaq 20 Yanvar bu inamın üstündən birdəfəlik qalın qara xətt çəkdi.

 

- Uzun çəkən mitinq, yürüş və yığıncaqlarda fasiləsiz 5-6 saat, bəzən hətta günlərlə qələm işlətmək asan deyil - barmaqlar və bilək ağrıyır. Xüsusən qızmar yay günəşi altında, şaxtada, yağışda, yaxud gecə qaranlıq düşəndən sonra yazmaq daha çətinləşir. Ancaq yadıma gəlmir ki, hər hansı çətinlik üzündənsə qeydlərimi yarımçıq qoyum.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371
avatar

Oxşar yazılar