Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Ağcabədidə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib. Bu barədə Lent.az-a Fondun ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. “Bunun nəticəsidir ki, Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. DSMF-nin genişləndirilmiş informasiya kommunikasiya şəbəkəsi vasitəsilə hər bir sığortaolunana fərdi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə istiqamətlənib”.
F. Qədimov bildirib ki, sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olduğunu nəzərə alaraq, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar.
Fonddan o da bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarla birgə həyata keçirdiyi tədbirlər nəticəsində işləyənlərin sosial müdafiəsinin və gələcək pensiya təminatı hüquqlarının qorunması məqsədilə qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək haqlarının süni surətdə aşağı məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısının alınması təmin olunmaqdadır. Görülən tədbirlərin uğurla davam etdirilməsi nəticəsində 2015-ci il ərzində DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz və ya 223 mln. manat, sosial sığorta gəlirləri isə 10,2 faiz və ya 160,8 mln. manat artıb.