Daha 8 dini icmaya maliyyə yardımı ayrıldı
02 mart 2016 17:20 (UTC +04:00)

Daha 8 dini icmaya maliyyə yardımı ayrıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 8 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

 

Komitədən Lent.az-a verilən xəbərə görə, komitə sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. Maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, xalqımızın dərin tarixi köklərə malik tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılması olduğunu vurğulayan Səyyad Salahlı müvafiq Sərəncamı dövlətin dinə qayğısının ən bariz nümunəsi kimi qiymətləndirib. O bildirib ki, dövlət tərəfindən yalnız İslam deyil, qeyri-islam təmayüllü  dini icmalara da maliyyə vəsaiti ayrılır ki, bu da Azərbaycan xalqının dərin tarixi köklərə malik multikultural dəyərlərindən qaynaqlanır.

Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 104 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 85-i isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar