Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Lent.az-ın məlumatına görə, komitə sədrinin birinci müavini Səyyad Salahlı prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. Dini icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, xalqımızın tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılması olduğunu vurğulayan Səyyad Salahlı müvafiq Sərəncamı dövlətin dinə qayğısının ən bariz nümunəsi kimi qiymətləndirib.
Komitə sədrinin birinci müavini, eyni zamanda, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.
Maliyyə vəsaiti ayrılan Ağdaş şəhər “Üç qovaq” məscidi dini icması “Dindarların radikal təsirlərdən qorunması”, Qazax rayon Daşsalahlı kənd məscidi dini icması “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması”, Bakı şəhəri Yasamal rayonu “Qasımbəy” Cümə məscidi dini icması “İslam qardaşlığı və məzhəblərarası dialoq prinsipləri”, Neftçala şəhəri Sahib Əzzaman məscidi dini icması “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri”, Sabirabad şəhəri “Heydər” məscidi dini icması “Milli-mənəvi dəyərlərimiz və müasirlik”, Samux şəhər müsəlmanları dini icması “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin əhəmiyyəti”, Xızı rayonu Giləzi qəsəbəsi “İmam Hüseyn” məscidi dini icması “İslam narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmağa çağırır”, Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icması “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması”, Quba rayonu Təngaltı kəndi “Seyidlər” məscidi dini icması “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə”, Ucar rayonu Çiyni kəndi “Hacı Ağamirzə” məscidi dini icması “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” layihələrini həyata keçirəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 114 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 95-i isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.