Dövlət Bayrağı günü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib.APA-nın cənub bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində, rayon tarix-diyarşünaslıq muzeyində, Mərkəzi kitabxanada, Astara Pedaqoji Kollecində sərgi və konfranslar, ümumtəhsil məktəblərində rəsm və inşa müsabiqələri, məktəblilər və gənclər arasında kross, sərbəst güləş, şahmat idman növləri üzrə yarışlar, Kijəbə qəsəbəsində və Astara şəhərindəki Dövlət Bayrağı meydanlarında ictimaiyyətin iştirakı ilə bayram tədbirləri olub. Noyabrın 8-də rayonun bütün ümumtəhsil məktəblərində və Astara Pedaqoji Kollecində ilk dərslər Dövlət Bayrağına həsr olunub.
Bundan başqa Astara Rayon İcra Hakimiyyəti (RİH) aparatında Dövlət Bayrağı Gününə həsr olunmuş “9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın tarixi nailiyyətidir” mövzusunda elmi-praktiki konfrans keçirilib. İcra başçısı Qəzənfər Ağayev rayonda iki yerdə - Astara şəhərində və Kijəbə qəsəbəsində salınan Bayraq meydanlarında əzəmətli Dövlət bayrağının ucaldıldığını qeyd edib. O, hər iki Bayraq Meydanının açılışında ölkə prezidenti İlham Əliyevin iştirakının heç vaxt unudulmayacağını və astaralıların bununla qürur duyduğunu diqqətə çatdırıb.
Bu gün həmçinin Lənkəranda Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayrağı Meydanında ümumrayon bayram tədbiri keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdən öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun icra strukturlarının nümayəndələri və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhər uşaq rəssamlıq məktəbinin şagirdlərinin Azərbaycan Bayrağına həsr etdikləri rəsm sərgisi ilə tanış olub.
“Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq – öz yurduma öz hakimliyim ” adlı bayram tədbirində Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının və rayonun incəsənət ustalarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şeirlər səsləndirilib, rəngarəng mahnılar ifa olunub.