Doktorantura təhsilində yenilik olacaq
15 dekabr 2017 12:27 (UTC +04:00)

Doktorantura təhsilində yenilik olacaq

"Son illər qəbul imtahanlarında 500 bal toplayanların sayı 28, 600 bal toplayanların sayı 43 faiz artıb. Son qəbul imtahanında 700 bal toplayanların sayında isə 50 faiz artım müşahidə edilib".

 

APA-nın məlumatına görə, bunu təhsil nazirinin vəzifəsini icra edən təhsil nazirinin birinci müavini Ceyhun Bayramov bildirib. C. Bayramov deyib ki, ali məktəbləri bitirən oğlan tələbələrə möhlət hüququnun verilməsi bu il magistraturaya qəbulda əksini tapıb: "Magistraturaya qəbul olan oğlan tələbələrin sayı 74 faiz artıb. Ümumiyyətlə, magistraturaya qəbul 36 faiz artıb".

 

C. Bayramov ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru olmamasına, 63 yaşdan yuxarı elmlər doktorlarının üstünlük təşkil etməsinə diqqət çəkib: "Hazırda Təhsil Nazirliyi tərəfindən doktorantura təhsilinin təkmilləşdirilməsi, Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması istiqamətində işlər davam etdirilir. Bununla əlaqədar Avropa Komissiyası, AMEA və bir sıra təhsil müəssisələrinin iştirakı ilə müqavilə layihəsi reallaşdırılıb. Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəsinin aparılması, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasından ibarətdir. Müqavilə səviyyəsində doktorantura səviyyəsində keyfiyyətin təminatı, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən vahid portalın yaradılması nəzərdə tutulub. Tədqiqat universitetlərinin mövcudluğu, ali məktəblərə bu statusun verilməsi vacibdir. Bu barədə layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

APA Baycan

Oxşar yazılar