Bu gün Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Bu barədə Lent. az-a Şuradan məlumat verilib.
Komissiyanın sədri Vüqar Rəhimzadə bildirib ki, iclasın müzakirəsinə 15 müraciət təqdim olunub. Bunlardan biri Şuranın Şikayətlər üzrə Komissiyası, digərləri isə MŞ Katibliyi tərəfindən təqdim olunub.
V. Rəhimzadə Şikayətlər üzrə Komissiyanın 15 avqust 2013-cü il tarixli iclasında Azərbaycan Dövlət İqtisad Universitetinin müraciəti əsasında «Elin sözü» qəzeti barədə rəy qəbul olunduğunu diqqətə çatdırıb. Həmin rəydə MŞ İdarə Heyətinin daha dolğun qərar qəbul etməsi üçün mənsub olduqları komissiyanın da təqdimatının zəruriliyinin əsaslandırıldığını vurğulayıb. Komissiya sədri bildirib ki, «Elin sözü» qəzetinin təsisçisi və baş redaktoru Minadi Mikayılovun adı çəkilən təhsil ocağının rəhbərliyinə və kollektivinə münasibətdə tutduğu mövqe həqiqətən də peşə prinsiplərinə ziddir. Komissiya üzvləri qəzetin dəst-xəttə «reket jurnalistika»ya xas cəhətlərin qabarıq göründüyünü nəzərə alaraq mətbu nəşrin adının MŞ-nin «qara siyahı»sına salınmasını məqbul sayıb.
Sonra «Korrupsiya və qanun» qəzeti ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, qəzetin fəaliyyəti ikinci dəfədir ki, komissiyada araşdırılır. Həmin qəzetin də adının MŞ-nin «qara siyahı»sına salınması məqsədəuyğun sayılıb. Komissiya tərəfindən hər iki nəşrlə bağlı MŞ İdarə Heyətinə təqdimatların verilməsi qərara alınıb.