Çirkab suları altında qalan qəbiristanlıqdan- REPORTAJ
24 oktyabr 2013 21:45 (UTC +04:00)

Çirkab suları altında qalan qəbiristanlıqdan- REPORTAJ

Bir dövlətin tarixini, mədəniyyətini öyrənməyin yolu həm də onun qəbiristanından keçir.  Qəbiristanda əsrlərin nəsilləri uyuyur. Bəs görəsən biz qəbiristanlarımızı necə qoruyuruq? Corat qəbiristanını qoruduğumuz kimi? Burada çirkab suların içində qəbirlərdə yatan insanların ruhu bizi nə vaxtsa bağışlayacaqmı?

 

Söhbət yaşı 2000 ildən çox olan Corat qəbiristanından gedir. Əslində Corat kəndinin dəqiq yaşını bilən yoxdur. Kəndin tarixi eramızdan əvvəl III-IV minilliklərə gedib çıxır. Corat kəndi qədimdə böyük liman və ticarət mərkəzi olub. Hətta alban katalikosunun iqamətgahı da burda yerləşirmiş. Bu kəndin tarixi məzarlığı neçə illərdir unudularaq baxımsız vəziyyətə düşüb. Vaxtı ilə buralar çöllü-biyabanlıq olub. APA TV-nin əməkdaşları həmin ərazidə çəkiliş aparıb. Plansız şəkildə yeni evlərin tikilməsi, kanalizasiya xətlərinin olmaması, məişət sularının küçələrə və qəbiristanlığa, oradan isə Xəzər dənizinə axmasına gətirib çıxarır.

 

Elə düşünməyin ki, Corat qəbiristanında uyuyan bu insanların qohumu, yiyəsi yoxdur. Xeyir, var. Bu qəbrin üzərindəki solmuş güllərdən də görünür ki, mərhumun nəslinin davamçıları məzara baş çəkir. Amma bu güllərin solduğu, unudulduğu kimi bu qəbiiristan da unudulub. Aidiyyəti qurumlar bu qəbirlərin məhv olmasına nədənsə göz yumur.

 

Kənd məzarlığındakı pirlər, sandıq qəbirlər bu məkanın qədim yaşayış məskəni olduğunu təsdiq edir. Coratdakı bu köhnə qəbiristan, sandıq qəbirlər Sumqayıtın tarixi turizm obyektləri sırasına daxil edilib. “Qəbiristan piri”, “Dəvə piri”, “Seyid Muxtar piri”, 1918-ci ildə şəhid olmuş türk əsgərinin məzarı hələ də böyük maraq kəsb edən Corat ziyarətgahları sırasındadır.

 

Bu da son. Buradan o tərəfə yol yoxdur. İçəri artıq girə bilmirik. Buna səbəb gördüyünüz qəbirlərin üzərini basmış bu qanqallardır. Biz içəri keçə bilmədik, görəsən bu qəbirlərin sahibləri bura neçə gəlib ziyarət edirlər? Çirkab suları azmış kimi, bir yandan da buranı ot-ələf, qanqal basıb.

 

Qəbiristana kənardan baxanda ilk baxışdan insanların illərdir bura baş çəkmədiyi təsəvvürü yaranır. Qəbiristanın baxımsız vəziyyətə düşməsində, qəbirlərin üzərini ot basmasında günahın bir hissəsi də mərhumların yaxınlarında – ziyarətlərinə gələnlərdədir. Çünki, ölüsünə hörmət edən hər bir şəxs qəbirlərini baxımsız vəziyyətdə qoymamalıdır. Corat sakinləri də qəbiristanın çirkab suları altında qalmasından və canlı tarixin məhv olmasından narahatdır.

 

Sakinlər deyirlər ki, 17-ci mikrorayondan bu tərəfə bütün çirkab suları buraya axır. Heç yerdə kanalizasiya xətti yoxdur. Bir neçə dəfə deyilib, şikayət olunub, amma baxan olmayıb.

 

Deyirlər ki, isti vaxtlarda da buranı ilanlar basır.

 

Corat qəsəbə nümayəndəliyinin sədr müavini Rahib Abbasov bildirir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xüsusi nəzarəti ilə bu məsələnin həlli istiqamətində iş aparılır. “Kanalizasiya problemi ilə bağlı artıq “Azərsu” ilə danışılıb və 2014-cü ildə burada layihə həyata keçiriləcək. Ətrafdakı binaların kanalizasiya xətləri yaxınlıqdakı vahid kanalizasiya xəttinə qoşulacaq. Burada layihələndirmə işi aparılır. Bu iş başa çatandan sonra, təxminən gələn il bu problem aradan qaldırılacaq”.

 

Corat qəsəbə bələdiyyəsinin sədri Tofiq Mahmudov isə bildirir ki, çirkab suları o qədər çoxdur ki, qəbirləri kol və yabanı bitkilərdən təmizləmək çətindir: “Qəbiristan çirkab sularından nə vaxt təmizlənsə, o zaman da bu ərazilər abadlaşdırıla bilər. Qış aylarında su axıntılarının miqdarı daha da artır, bunu nəzərə alıb çirkab sularının qarşısının  alınması vacibdir. Bu məqsədlə kanalların, eyni zamanda ərazinin yabanı kollardan təmizlənməsi nəzərdə tutulur”.

 

Qəbirin təzəsi, köhnəsi olmaz deyirlər. Burada 1 yox, 5 yox, 10 yox, yüzlərlə qəbir baxımsız vəziyyətdə qalıb. Düşünmək və əlac etmək isə aidiyyəti orqanlara qalır.

 

İlahə Vəliyeva, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Oxşar yazılar