“Hələ ötən ilin dekabr ayında Təhsil Nazirliyinin ümumi orta təhsil sistemində prioritetlər elan olunarkən növbəti dərs ilindən başlayaraq tədris müddətinin uzadılması məsələsi qeyd olunub”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib. Nazirlik rəsmisi qeyd edib ki, ölkəmizdə istirahət və bayram günləri, eləcə də tətil günlərini çıxdıqda 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə il ərzində 197 gün dərs keçirilir: “Deməli, uyğun olaraq şagirdlər ildə 201 və ya 168 gün istirahət edirlər. Amma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38 həftə, Azərbaycanda isə 32 həftədir. Mayın sonundan sentyabrın 15-dək Azərbaycanın ümumi orta təhsil müəssisələrinin şagirdlərdə sanki tətil boşluğu yaşanır. Təxminən 105 günlük tətil ərzində şagirdlər vaxtlarını o qədər də səmərəli keçirə bilmirlər. Biz də istəyirik ki, bizim məktəblilər təhsil ilindən o qədər uzaq qalmasınlar. Tədris həftələrinin çox olması şagirdlərin tədrisə gəlməsi və tez uyğunlaşmasına şərait yaradacaq”.
O vurğulayıb ki, digər məqam tədris proqramlarının kifayət qədər yüklü olması ilə bağlıdır. Onun sözlərinə görə, nazirliyə ən çox müraciətlər də tədris proqramlarının ağır olması, müxtəlif məzmunlu dərsliklərin şagirdlərlə təmasında problemlərin üzə çıxması ilə bağlı olur: “Buna görə də tədris ilinin uzadılması tədris proqramlarının yüngülləşdirilməsinə gətirib çıxaracaq. Bizim ümumtəhsil məktəblərində oxuyan məktəblilər daha rahat şəkildə həm öz fiziki sağlamlıqlarının qeydinə qalacaq, həm də özlərinin tədris müddətində oxuduqları bilikləri daha yaxşı mənimsəyə biləcəklər. Buna zaman və vaxt imkanları da çatacaq”.