Düşmənlə təmas xəttindəki hərbi hissədə şəxsi heyətin Qarabağ müharibəsinin veteranları və əlilləri ilə görüşü keçirilib. Lent.az-ın Mudafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, polkovnik-leytenant Şükür Həmidov qonaqları salamladıqdan sonra söz Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbaniyə verilib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi Qarabağ müharibəsinin veteran və əlillərinin, eləcə də şəhid ailələrinin də torpaqların işğaldan tezliklə azad ediləcəyinə inamını daha da artırıb: “Ona görə də Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə göstərdiyi şəxsi rəşadət və igidliyə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Sevindik İsmayılov, Qarabağ uğrunda döyüşlərdə sol qolunu və sağ ayağını itirmiş Süleyman Məmmədov və Qarabağ müharibəsinin qazisi Əlizadə Abbasov da bu gün təmas xəttindəki əsgərlərə dayaq olmaq, onların qayğı və problemləri ilə maraqlanmaq, yeri gələrsə, onlarla birlikdə döyüşlərə atılmaq arzusuyla buraya gəliblər”.
Sevindik İsmayılov Azərbaycan ordusunun 90-cı illərdəki acınacaqlı vəziyyətini xatırlayaraq o vaxtlar ordunun yeni yarandığını qeyd edib: “Silah-sursat sarıdan korluq çəkirdik. Vahid komandanlıq yox idi. Döyüşlər plansız, qeyri-peşəkarcasına aparılırdı. Vətəni qorumaq üçün döyüşlərə atılmış oğullar düşünülməmiş əməliyyatların və şəxsi maraqların qurbanı olur, şəhər və rayonlarımız bir-birinin ardınca işğal edilirdi. Ölkədə xaos, orduda hərc-məclik hökm sürürdü. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın xahişi və tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmiz vətəndaş müharibəsi, dövlətimiz isə çevriliş cəhdləri təhlükəsindən xilas oldu. Ordu quruculuğunda yeni mərhələ başlandı. Mütəşəkkil ordu yarandı, peşəkarlar irəli çəkildi. Ulu öndərin 1993-cü il 2 noyabr tarixli Azərbaycan televiziya və radiosu ilə xalqa müraciəti isə həm xalqın milli şüurunun oyanışında, həm də ordu quruculuğunda çox mühüm rol oynadı”.
Müharibə veteranı Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyini bildirib: “Fəxr edirəm ki, bu ordeni mənim yaxama məhz əbədiyaşar Ali Baş Komandanımız unudulmaz Heydər Əliyev sancıb. Mən inanıram ki, bu üçrəngli bayrağımızı sizinlə birlikdə tezliklə biz Xankəndinə, Şuşaya, Laçına və işğal altında olan digər torpaqlarımıza sancacağıq. Möhtərəm Prezidentimizin dediyi “bir həftə ərzində orada daş daş üstə qalmaz” sözləri biz veteranları düşmənlə təmas xəttinə gətirməyə məcbur edib. Qarabağa zəfər yürüşündə biz də sizinlə bir yerdə olacağıqvə inşallah qələbə bizimlədir”.
Qarabağ müharibəsinin qazisi Süleyman Məmmədovun alovlu çıxışı şəxsi heyətdə xoş duyğular oyadıb: “Döyüşlərdə dəfələrlə yaralanmışam. Sol qolumu və sağ ayağımı itirmişəm. Ürəyim də Vətənə qurbandır. Fiziki cəhətdən sağlamlığımı itirsəm belə, mən bu vəziyyətdə də torpaqları işğaldan azad edəcək qəhrəman əsgərin yanında olacağam. Qoy düşmənlər də eşitsin. Nəinki Azərbaycan əsgəri, eləcə də bütün xalq Qarabağ uğrunda döyüşlərə səfərbərdir”.
Əlizadə Abbasov da döyüşçü dostlarının fikirlərinə şərik olduğunu bildirib: “Mən də sizinlə birlikdə döyüşə atılmağa hazıram. Fəxr edirəm ki, bu gün oğlum da Murovdağda əsgəri xidmətdədir. Qarabağa zəfər yürüşü başlayacağı təqdirdə o da döyüşçülərin ön cərgəsində olacaqdır. Oğul düşmən çəpəri deyilmi?!”
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Kərim Kərimovun qardaşı mayor Mahmud Kərimov şəxsi heyət adından qonaqlara minnətdarlığını bildirib və onları əmin edib ki, hər bir əsgər və zabit torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir, onlar Ali Baş Komandanın əmrini gözləyirlər.
Polkovnik Elçin Kərimov və polkovnik-leytenant Seymur Həbibullayev öz çıxışlarında ölkə rəhbərliyinin və xalqın Azərbaycan əsgərinə olan etimadlarını Vətənə, xalqa, dövlətə sədaqətli xidmətləri ilə doğruldacaqlarını bildiriblər.