Cahangir Məmmədli İctimai TV ilə vidalaşdı
Aprelin 13-də İctimai Televiziya və Radio Yayım Şurasının növbəti iclası keçirilib. İclasda Yayım Şurasının 2016 mart – 2017 mart tarixləri arasında fəaliyyəti ilə bağlı hesabatı müzakirə edilib. Lent.az-ın məlumatına görə, şura üzvləri hesabat məruzəsinə bəzi əlavələr və dəyişikliklər etməklə, onun ictimaiyyətə təqdim olunmasını məsləhət görüblər.
Qeyd edək ki, Şuranın üç üzvünün Şuradakı fəaliyyət müddətinin başa çatdığı bildirilib. Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən irəli sürülmüş namizədlər – Cahangir Məmmədli və Aqil Dadaşovun Yayım Şurasında on iki illik, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) seçilmiş Muxtar İmanovun isə 6 illik səlahiyyət müddəti bu il martın 15-də başa çatıb. Yayım Şurasının üzvləri və İctimai teleradionun rəhbərliyi bu müddət ərzində birlikdə olduqları hər üç Şura üzvünə təşəkkürünü bildirib, onların hər üçünün peşəkarlıq səviyyəsinin ictimai teleradionun işinə müsbət təsir göstərdiyini qeyd ediblər.
Şura sədri Cahangir Məmmədli iclasda sədr kimi son dəfə çıxış etdiyini bildirərək, ötən 12 illik fəaliyyəti dövründə Şuranın bütün üzvləri və ictimai teleradionun yaradıcı kollektivi ilə birlikdə yalnız bir məqsədə - Azərbaycan cəmiyyətinə, Azərbaycan dövlətinə və azərbaycançılıq ideologiyasına xidmət etdiklərini qürurla söyləyib.
682