Valideynlərin DİQQƏTİNƏ! - Bunları etməsəniz uşaqlarınız məktəbdə zəhərlənə bilər
“Uşaqların çantasına əlavə yük yığmaq onların sağlamlığı üçün zərərlidir”.
Bunu Lent.az-a açıqlamasında pediatr Sara Mansurova deyib.
Həkimin sözlərinə görə, çantaya yemək, su və əlavə qida qoymaq onların yükünü bir az da çətinləşdirir:
“Valideyn uşağın məktəbinə yemək qoya bilər, lakin ev yeməkləri deyil, kiçik peçenye, bulka, pendirli buterbrod və s. kimi yüngül nələrsə lazımdır. Bu təkcə ağırlıq baxımından deyil, həm də ev yeməkləri çantada qalıb uşaqları tez zəhərləyə bilər. Buna görə valideynlər çox diqqətli olmalıdır. Ev yeməkləri və hazır alınmış yeməklər (məsələn dönər, kolbasalı buterbrodlar, sendviç) çox sürətlə köhnəlir, bu səbəbdən də uşaqları zəhərləyə bilər”.
S.Mansurova bildirib ki, suya gəldikdə isə uşaqlara plastmas deyil şüşə qablarda su qoymaq lazımdır:
“Bilirsiniz ki, plastik qabların tərkibində zəhərli maddələrin olduğu artıq sübut olunub. Buna görə də şüşə qablardan istifadə etmək məsləhətdir. Düzdür bəzi valideynlər kiçik yaşda olan uşaqların qabı sındırıb özlərinə zərər verməsindən qorxa bilərlər, amma bu zaman hər gün dəyişmək şərti ilə plastmas qabda su qoymaq olar".
Pediatr məktəbli uşaqlara geyimlə bağlı da məsləhətlər verib:
“Məktəbli uşaqlara geyim seçərkən, tərkibinin təbii materialdan olmasına diqqət edilməli, kətan, pambıq və ya çit parçalardan olan geyimlər seçilməlidir. Sintetik parçalar uşaqların dərisinin nəfəs almasına imkan vermir, bu da uşaqları tərlədir və xəstələnməsinə səbəb olur. Uşaqlara məktəb forması alarkən həm də onun çox dar, sıx olmamağına diqqət etməliyik. Dar paltar uşaqlarda qan dövranının normal işləməsinə imkan vermir. Xüsusən də qızların gələcəkdə çanaq hissəsində müəyyən problemlərə yol açır”.
Həkim sonda onu da qeyd edib ki, valideyn uşağın çantasına kömək edə bilmirsə, onda diyircəkli çanta almaq daha məsləhətlidir:
“Çünki uşaqların ağır çanta götürməsi onlara gələcəkdə müxtəlif problemlər yarada bilər".
841