...Şadlıq yerinə çatanda elə bir qələbəlik vardı ki, düşündüm gecikmişəm. Axı dəvətnamədə “toy şənliyi saat 18:00-da başlayacaq” yazılmışdı. Amma yanılmışdım. Toya gələnlər, illərdi bu cütlüyün xoş günün arzulayıb məqamı dəyərləndirənlər çox idi, sadəcə...
***
Bu toyun heç bir anını, heç bir kadrını qaçırmaq istəmirdim. Zala daxil olanda anladım ki, təlaşım əbəsmiş. Sən demə, gəlinlə bəyin özləri də gecikiblər. Gəlin korteji tıxaca düşüb...
***
Bura, bu şadlıq sarayına yığışanlar sanki min ilin tanışlarıdılar. Hamı deyib gülür, bir-biri ilə hal-əhval tutur, təbriklər isə bir ünvanadır, Zinyət xanımla, Qalibə. Hamı var-gəl etməkdə, bir-birini təbrik etməkdə olsun, bu vaxt zaldan musiqi sədaları ucalır: “Sən gəlməz oldun”. Elə yerinə düşür ki?
***
İndi deyəcəklərimin toya bir başa əlaqəsi yoxdu. Gözlədiyim müddətdə bir şey diqqətimi cəlb etdi. Məclisə əlil arabasında gələn qonaqları qapıda duran gənclər qucaqlarına alıb içəri keçirirlər. Sən demə, bu şadlıq sarayı tikiləndə əlil insanlar hərəkəti nəzərə alınmayıb... Nə isə, qayıdaq toyumuza.
***
Gəlinin qohumları gələn qonaqları yerbəyer etməkdəykən... qapıda bəzəkli gəlin maşını görünür. Budur, gəldilər, Zinyətlə Qalib.
Zinyəti tanımadız?! O zaman qısa bir xatırlatma verək. Zinyət Vəliyava yaydan ox atma üzrə paralimpiaçımızdı. Bu yaxınlarda Lent.az-da onun haqqında geniş bir yazı getmişdi. Elə toydan da o gün xəbər tutmuşduq. Yeri gəlmişkən, maraqlananlar yazını burdan oxuya bilərlər. http://news.lent.az/news/141030
Beləcə, bəylə gəlin onların şərəfinə təşkil edilən məclisə “Vağzalı” havasıyla daxil olurlar. Və məclisimiz “İkimizdə bir ürək”lə başlayır. Valideynlər yeni ailəyə arzularını çatdırır, qonaqlar bu cütlüyün şəninə xoş sözlər deyirlər. Çalırlar, oynayırlar, şənlənirlər...
Sonda...Hə, sonda bəylə gəlini bütün məclis əhli yola salır. Hami ayaq üstə, sürəkli alqışlarla...Sarayın ofisiantları, xidmətçiləri çaşıb qalırlar. Bu qədər alqışı harada eşitmişdilər ki?
Biz də öz növbəmizdə Zinyət xanımı və Qalib bəyi təbrik edir, onlara ailə həyatının enişli-yoxuşlu yollarında səadət arzu edirik.
Bu, bir başqa toy idi.