Bir ömrə tutulan toy, hospitalda “Son zəng”, xilaskar təyyarəçi - HƏYAT HEKAYƏSİ
04 oktyabr 2013 16:11 (UTC +04:00)

Bir ömrə tutulan toy, hospitalda “Son zəng”, xilaskar təyyarəçi - HƏYAT HEKAYƏSİ

Oktyabrın 22-də ailə həyatı quracaq. Sevib-seçdiyi Qaliblə... Amma...Amma hər şey də elə toydan başlamışdı, əslində. Bəlkə elə bu toyu indiyədək ləngidən də, həmin o toy olub. Düz 22 il əvvəl...

 

 

Zaman, 1991-ci il martın 1-i.

Məkan, Şəmkirin Keçili kəndi.

 

Həmin gün bu kənddə toy idi. Vəliyevlər ailəsi də toya dəvətli idilər. Ömrünün 16-ci baharında olan Zinyət də o toya gedəcəkdi. Elə ona görə də evə tez gəlmişdi...

- Müəllimdən icazə aldım ki, toya gedəcəm. Evə çatanda gördüm ki, məni gözləməmiş gediblər. Çox pis oldum. Sözün həqiqi mənasında stresdəydim. Özümə əməlli dərd eləmişdim. Və birdən...(Həyəcanlanır) Birdən elə bildim ki, kimsə kürəyimə bıçaq soxdu. Ağrıdan yerimdən tərpənə bilmədim. Az sonra ağrılar kürəyimdən ayağıma, qollarıma doğru yayıldı və keçib getdi. Anamgil qayıdanda mənsiz toya getdiklərinə görə, acıq verirmiş kimi yerimə uzandım. Dedim xəstələnmişəm. Əslində ağrı-filan yoxuydu. Amma az sonra durub bayıra çıxmaq istəyəndə, gördüm ayağımın altını hiss etmirəm. Narahat olmağa başladım və qayıdıb sakitcə yerimdə uzandım. Axşama doğru hiss etdim ki, yox, yavaş-yavaş ayağım keyiyir. Xalam oğlu həkim idi. Məni onun yanına apardılar. Amma həmin gün xəstəsi çox olduğundan məni qəbul etmədi. Beləcə üç gün kənddə ev şəraitində qaldım. Üçüncü gün məni həkimə aparanda artıq qurşağa qədər bədənimi hiss etmirdim.

 

“Dedilər ki, yaşamayacaqsan”

 

Həkimlər yaşayıb-yaşamayacağımı sual altında olduğunu dedilər. On gündən sonra həyati təhlükəm keçdi. Bir ay rayon xəstəxanasında qaldıqdan sonra Bakıya göndərdilər. Həkimlər onurğa sütunumun iflici olduğumu, tam müalicə üçün gecikdiyimi dedilər. Vaxtında gətirsəydilər, bəlkə də sağalardım. Şəfa axtara-axtara Moskvaya qədər gedib çıxdıq. Uzun illər xəstəxanalarda, bərpa mərkəzlərində müalicə aldım. Beş illik müalicə və iradəm sayəsində əlil arabasından qoltuq ağacına keçməyi bacardım. Bu yaxınlarda həmin o toyu olan qızın övladının toyu oldu. Bəzən dönüb o günlərə baxanda düşünürəm ki, dəyərdimi? Toy mənsiz də keçdi, lakin... Bilirsən, bacımın biri mənə görə ümumiyyətlə ailə qurmadı. O, öz gələcəyini mənə fəda etdi. Anam yaşlıydı, mənə qulluq etmək, xəstəxanada yanında qalmaq lazımıydı. İndi onun qırx yeddi yaşı var. Evimizin son beşiyini isə mənə görə sevmədiyi birinə ərə verdilər. Çünki oğlan mənim müalicəyə gedəcəyim şəhərdə, Krımda yaşayırdı. Və orda mənim yanımda qalmağa adam lazımıydı...(Kövrəlir)

 

“Əsgərlər mənə “Son zəng”  təşkil etdilər”

 

- “Son zəng” günü Papanində, hərbi hospitalda yatırdım. Ağlamaq istəyirdim. Anamı üzməyim deyə heç vaxt onun yanında ağlamazdım. Bir təhər əlil arabasiyla hospitalın koridoruna çıxdım. Pəncərənin qarşısına keçib hönkürtü ilə ağladım. Bu vaxt şöbə müdiri məni gördü. Yəhudi idi. Rusca soruşdu ki, nə olub, səni kim incidib? Rusca bilmirdim. Bir azərbaycanlı çağırdı. Mən bu gün “Son zən” olduğunu dedim. Çox duyğulu adam idi. Mənə qoşulub o da ağladı. Qayıtdı ki, bunu daha əvvəldən bilsəydim sənin üçün burda bir zəng çaldırardım. Bu söz məni lap pis tutdu, hönkürdüm. Hələ sovetlər dönəmi idi. Hospitalda əksər sovet xalqlarının nümayəndələri vardı. Əsgərlər mənə təsəlli verirdilər. O vaxt Bakıda məzunlar son zəngi bulvarda keçirirdi. Onlar çox israr etdilər ki, gəl səni qucağımızda ora aparaq. Razılaşmadım. Onların əlindən qaçıb tək qalmaq üçün televizor otağında gizləndim. Televizoru açan kimi də xəbərlərdə hansısa bir məktəbin son zəngini göstərirdilər. Bir oğlan balaca bir qızı boynuna alıb son zəngi çalırdı. Bu gün adi bir şey kimi baxsam da, o vaxt bu mənim üçün çox dəhşətliydı. Hönkür-hönkür ağlayırdım. Əsgərlər gəlib məni burda da tapdılar. Kimisi iydə ağacından bir budaq qırıb gətirmişdi, kimisinin əlində qızıl gül vardı, kimisi yasəmən gətirmişdi. Qucağım güllərlə dolmuşdu. Otağımı qərənfillərlə bəzəmişdilər. İyirmi iki il keçməsinə baxmayaraq, mən o gülləri hələ də kitablarımın arasında saxlayıram...

 

“Toy adıyla evdən çıxıb Bakıya gəldim”

 

 

- Beş ildən sonra attestatımı aldım. Ailəmin və qohumlarımın etirazına baxmayaraq sənədlərimi ali məktəbə verdim. Uşaqlıqdan bağça müəlliməsi olmaq arzusunda olsam da, oturaq iş görə biləcəyim ixtisas seçdim və Azərbaycan Neft Kimya Akademiyasına qəbul oldum. Bakıda qalmalıydım. Qohumlar isə məni evlərində saxlamaq istəmirdi. Kirayə ev tapmalıydım. Telefonla zəng edirəm, deyirlər, hə, var ev. Evə baxmağa gedirəm, əlil olduğumu görüb ev vermirlər. Yaşamağa güclə ev tapdım. Gecə-gündüz çalışdım, diplomumu aldım. Qayıtdım rayona ki, öz kəndimdə çalışım, rayonuma xeyir verim.  Əlil olduğuma görə, işə götürmədilər. İki ildən sonra tələbə yoldaşım Bakıya toyuna dəvət etdi. Elə o çıxan, çıxdım rayondan, başladım özümə iş axtarmağa. Vaxtı ilə kömək etdiyim bir insan öz şirkətində iş verdi. İlk maşımı alanda sevincimin həddi-hüdudu yoxuydu. İndiki pulla 66 manat! O vaxt üçün yaxşı puluydu. Beləliklə, Bakı kimi böyük şəhərdə öz gücümə ayaq üstə durmağı bacardım. Bu günə gəlib çıxana qədər çox əziyyət çəkmişəm, amma çox şükür ki, bu günümə. İndi danışdıqca fikir verirəm ki, mənim həyatımda toylar çox önəmli rol oynayıb. O toy, bu toy və öz toyum. Hər üç toy mənim həyatımı dəyişib...

 

 

“Braziliyaya gedəcəm”

 

- Orta məktəbdən idmanı sevirdim. Hələ o vaxtlar kənddə qızların şalvar geyinməyinə pis baxırdılar. Kənd qızları nəydi, şalvar nəydi? Səksən yeddinci il olardı, qardaşımla  Bakıya gəlmişdik. Onda mən özümə idman şalvarı aldım. Qardaşım geyinməyə qoymadı. Məktəbdə də elə bir şərait yox idi ki, mən onu geyinim və idman edim. 98–ci ildən Marina Borisovna Selikovskayanın rəhbərliyi altında kamandan ox atmaqla məşğul olmağa başladım. Mən Azərbaycanda atıcılıq üzrə ilk qadın paralimpiyaçıyam. Respublika çempionuyam, dünya çempionatında doqquzuncu, Avropa çempionatında beşinci, Londonda keçirilən beynəlxalq turnirdə dördüncü yeri qazanmışam. Yarışlardan məğlub qayıdanda, fikir verirəm, adama qəribə baxırlar. Onlar anlamırlar ki, əslində bunlar hamısı boş şeylərdi. Düzdü, mən idmanı sevirəm. Birinci ona görə ki, bu sağlamlıqdı. Uddun, ya udmadın, sən ölkəni təmsil edirsən, bayrağın bayraqlar arasında dalğalanır. Orda Zinyət yox, Azərbaycanın adı səslənir. Hazırda 2016-ci ildə Braziliyada keçiriləcək yay olimpiadasına hazırlaşıram. Bu aralar toya görə bir az vaxt baxımından məşqlərə zamanım yetmir.

 

 

“3 il onu sınadım”

 

 

- İllər əvvəl mənə ailə qurmaq barədə məsləhət edənlərə əsəbiləşirdim. Çünki əlil olandan hələ 15 yaşımdan qapımızı yağır edən elçilərin birdən-birə suyu qurudu. Anlayırdım ki, heç kimsə əlil qızla evlənmək istəməz. Kimsə mənə sevgisini etiraf edəndə, ürəyimdə deyirdim ki, yox, onun sənə sadəcə yazığı gəlir. Onların sevgilərini görməməzlikdən gəlirdim, özümü qanmazlığa vururdum. Ta Qalibi tanıyana qədər. Özümü tam idmana bağladığım vaxt, o qarşıma çıxdı. Əslində onunla tanışlığımız 98-ci ildən başlayır. O vaxt mən Əlillərin Protez Ortopedik Reabilitasiya Mərkəzində müalicə alırdım. Qalib Qarabağ müharibəsində bir ayağını itirib, o da həmin mərkəzdə müalicə alıb. Müharibə neçə yaraşıqlı oğlanları ayaqsız, qolsuz qoyub, İlahi! Orda tək qız məniydim. Təzə vaxtlar idman etməyə gedəndə görürdüm ki, hamısı maykadadılar. Mən də kənd qızı, utanırdım. Bir gün onlardan birinə yaxınlaşıb dedim ki, olar, siz idman edəndə nə isə geyinəsiz? O, mənə baxıb getdi. Sabahı gün gördüm ki, hamısı bir nəfər kimi poliver geyinib. Qalib də onların arasında. Salam-kəlamımız vardı. İllər sonra, 2010-da onunla Bakıda yenidən qarşılaşdıq. Masaja getmişdim, orda rastlaşdıq, salamlaşdıq, belə-belə aramızda münasibət yarandı. Və daha sonra...(Gülür) O, mənə evlilik təklif etdi. Amma o dəqiqə  qəbul etmədim, üç il onu sınadım. Sonda gördüm ki, yox, bu o birilərdən fərqlidi. Ona inanmaq, onu sevmək, onunla bir yola çıxmaq olar. Qalib sabirabadlıdı. Mənim üçün Bakıya gəldi, məni ailəsinə sevdirdi. Və ailələrin də xeyir duası ilə yayda nişanlandıq. Qalib də idmanla məşğuldu, qılınc oynatmaya gedir. Bir də o alpinizmlə məşğul olan yeganə əlildir ki ,bir ayağı ilə on yeddi metr hündürlüyündə süni dağa dırmaşır.

 

“Bizə heç kimin yazığı gəlməsin”

 

- Əlillər haqqında konvensiyaya baxsaz, görərsiz ki, əlillərlə bağlı gözəl qanunlarımız var. Sadəcə, bu qanunları icra etmək lazımdı. Cəmiyyətdəki əlillərə olan münasibəti dəyişmək lazımdı. Bunun üçün də məktəbdən, bir də səhiyyədən başlanmalıdır. Bizə yazığı gəlmək yox, dəstək olmaq lazımdı! Siz küçələrdə çox nadir halda əlil görərsiz. Amma bu o demək deyil ki, bizdə əlil azdı. Azərbaycanda qırx minə yaxın əlil var. Hamısı evlərdədi, bayıra çıxmırlar. Bəs niyə? Elə əlil var beş mərtəbəli binanın beşinci mərtəbəsində yaşayır. Bir dəfə qardaşı, bir dəfə atası onu qucağında həyətə düşürür. Belə bir deyim var: “Bir millətin mədəniyyətini bilmək istəyirsənsə, onun əlilinə olan hörmətə bax!”. Düzdür, mədəniyyətin beşiyi şərq hesab edilsə də, bizdə əlillərə qarşı başqa yanaşma var. Onlar bilməlidirlər ki, bizi, bizim nailiyyətlərimizi görəndə, təəccüblənmək lazım deyil! Bir dəfə bir jurnalist əlil qadının qucağında uşaq görüb hisslərini belə ifadə etmişdi: “Mən dəhşətə gəldim!”. Axı burda dəhşətə gələsi nə var? Qadındırsa, dünyaya uşaq gətirə bilər. Bir dəfə turp satan xanıma yaxınlaşdım ki, turp alım. Qadın məni əlil arabasında görüb, “bıy, anan ölsün!” deyib elə bir ah çəkdi ki… Axır da dözməyib qadına dedim ki, xahiş edirəm mənim anama elə deməyin! O, məndən pul götürmək istəmədi ki, səni gördüm ürəyim ağrıdı. Mən ona etiraz etdim. Bu, çox yalnış yanaşmadı. Biz də insanıq. Türklər bunu daha gözəl ifadə edirlər, “əngəlli”.  Bizim bəzi hərəkətləri etməkdə əngəllərimiz var. “Əlillik etikası” adlı kitab var. Çox istəyərdim bunu hamı oxusun. Əlil insana yaxınlaşıb kömək istəyəndə belə, ondan icazə almalıdırlar!

 

“Məni o təyyarəçi xilas etdi”

 

- Mən xəstəxanada olanda həkimim mənə kitab verdi. Adı dəqiq yadımda deyil. Səhv etmirəmsə adı, ya “Dəmir adam”ıydı, ya “Polad adam”. Əsərin qəhrəmanı təyyarəçi qəzada iki ayağını itirir. Uzun sürən əzablardan sonra o yenə təyyarəsini göylərə uçurur. Bax, bu kitab, bu təyyarəçi, mənim həyatımda dönüş etdi. Əlilliyimlə barışdım. Mənə yaşamaq, mübarizə aparmaq üçün stimul verdi. Mən yaşadan xəyallarım oldu. Daim xəyallar qururdum. Onlar bir az zəif alınanda, onu dağıdıb başqasını. Bu gün illər əvvəl qurduğum xəyalları gerçəkləşdirmişəm. Ali təhsil almaq istəyirdim, aldım. İdmançı olmaq istəyirdim, oldum. Maşın sürmək istəyirdim, sürdüm. Və nəhayət ailə qurmaq, evimin qadını, uşaqlarımın anası olmaq istəyirdim. O da alınacaq. Oktyabrın 22-i toyumuzdur. Allah qismət etsə, ana da olacam!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4289
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar