Los-Ancelesdə keçirilən 98-ci "Oskar" mərasimində 51 yaşlı Leonardo DiKaprio ilk dəfə sevgilisini ictimaiyyətə təqdim edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Pol Tomas Andersonun "Döyüş ardınca döyüş" (Battle of Bakkedi) filmindəki baş roluna görə nominant olan aktyor qırmızı xalçadan tək keçsə də, zalın daxilində italyan model Vittoriya Çeretti ilə yan-yana əyləşib.

Cütlük aparıcı Konan O’Brayenin açılış nitqi zamanı kameralara tuş gəlib. 27 yaşlı Çeretti seçdiyi eleqant qırmızı libası ilə DiKaprionun tünd rəngli klassik kostyumu fonunda parlaq bir vurğu yaradıb. Bu hadisəyə qədər cütlük ABŞ-ın böyük tədbirlərində birgə görünməkdən qaçırdı. "Uoll-strit canavarı" filminin ulduzu adətən şəxsi həyatını mətbuat və paparassilərdən gizli saxlamağa üstünlük verir.
DiKaprio "Ən yaxşı kişi rolu" nominasiyasında qalibiyyəti Maykl B. Cordana uduzub. Cordan, Rayan Kuqlerin "Günahkarlar" (Sinners) dramındakı çıxışına görə karyerasının ilk "Oskar"ını qazanıb. Qeyd edək ki, "Günahkarlar" filmi bu mövsüm 16 nominasiya ilə liderlik edərək əsas kateqoriyalarda "Döyüş dalınca döyüş" filmini qabaqlayıb.