“Bizim bu icra hakimiyyətləri sirli qalaya dönüb, bala. Söz nədir, heç qalaq-qalaq kağız da göndərirsən dərdinə-sərinə cavab verən yoxdur. Balaca eyvan nədi ki, düz üç aydır mən buna görə icra hakimiyyətindən cavab ala bilmirəm. Durub əlimi də tərpədib icazələri olmadan evdə iş görsəm üstümü töküləcəklər ki, “bəs niyə icazə almamısan?!” Yəni borclu da çıxaracaqlar hələ məni. Yaman ilişmişəm...”
Bu, uzun illərdir Bakının rayonlarından birinin sakini olan yaşlı bir tanışımın qoşulduğum söhbətində yaşadığı rayon icra hakimiyyətindən uzun zamandır müraciətinə cavab almaması ilə bağlı əsəbi narazılığı idi...
Bu vaxt onun narazılığını dinləyənlərdən olan və Avropadan yenicə gələn oğlu isə ora sakinlərinin bu kimi problemlərdən nə dərəcədə uzaq olmasını, bizdən fərqli olaraq orada bütün bu işlərə baxan yerli bələdiyyələrin sakinlərlə necə aktiv təmasda olmasının özəlliklərin, sirlərindən, uğurların ağız dolusu misallar çəkib bizi ağzı açıla qoyurdu...
Bu kimi söhbətlərin şahidi olduqca, gələcəyimi Bakıda yaşamağa hesablayan bir gənc kimi qarşıda bu sosial problemlərlə bağlı icra hakimiyyətləri ilə məni nələr gözlədiyini təsəvvür edib şəhər həyatında küsməyə başlayırdım...
Amma bu, ilk xəbər də deyildi. Mütəmadi olaraq şəhərdə yaşayan tanışlardan, dostlardan məişət-kommunal problemlərinə görə yerli icra hakimiyyətləri əlaqə sarıdan narazılıqlarını az qala gündəlik hava proqnozundan çox eşidirdim. Aldığı torpağa sənəd, evin təmirinə icazə, kanalizasiya problemləri, qaz, su və sair və ilaxır problemlər, etiraf edək ki, bu səbəb üzündən səbəbi bir duruma gəlib çatıb.
Azərbaycan Prezidentinin bəzi məmurlara xalqla əlaqələrin səviyyəsi ilə bağlı xəbərdarlıqdan ciddi tədbirlərə keçməsi isə bu problemin həllinə doğru dönüş yaratmağa başladı. Məsələn, yuxarıda yazıya heç təsadüfən başlamadığım söhbətin səhəri günü maraqlı bir xəbər çıxdı: bu il fevral ayının əvvəlindən Bakının Binəqədi Rayon İcra Hakimiyyəti icra hakimiyyətləri arasında ilk dəfə olaraq yeni “Sakinlərin Müraciət Xidməti – 1646″ (SMX–1646) xidmət mərkəzini istifadəyə verir.
Bir jurnalist kimi hər gün müxtəlif tədbirlərin iştirakçısı olaraq hər gün nəyinsə yaranmasının şahidi oluram və bu baxımdan da bu xəbər də eşidilməsi ilə elə də fərqi bir maraq yaratmadı. Sadəcə, təsadüfən Binəqədi Rayon İcra Hakimiyyətində bu xidmətin geniş təqdimatında iştirakım, yeni yaranan xidmət haqqında deyilənlər ən azı sakin kimi eşidənlərdə maraq dolu yeni ümidlər yaratdı.
“Avazları yaxşı gəlir, oxuduqları Quran olsa” el məsəlini xatırlayıb, maraq üçün mütəmadi bu xidmətin fəaliyyətini imkan olduqca izləməyə başladım. Nəzərə alsaq ki, sosial sfera baxımından Binəqədi daha aktiv rayondur, yəni ən azı paytaxtda əhalinin artım hissəsini çox payı düşən rayonlardandır deməli burada sakinlərin icra hakimiyyətinə deyəcəkləri, istəyəcəkləri də çox olmalıdır. Hərçənd indiyə qədər istər torpaq alqı-satqısı ilə bağlı, istər yolların, kommunal xətlərin çəkilməsi ilə bağlı mübahisələrin daha çox eşidildiyi rayonlardan biri də Binəqədi olub...
Və bəlkə də elə buna görə bu xidmətə reaksiya bu rayonda daha çox əks-səda doğurdu...
“Bunlardan çıxmayan iş?! Ayrı vaxt bu “JEK”-in işçilərini çıraqla axtaranda tapmaq olmurdu, indi adamla mobil telefon xidmətindən cavab verən kimi cavab verirlər. Qəribədir... Gördün ay bajı, qapıdan zibili ayrı vaxt atdıra bilmirdik... Təzə çıxan bu nömrəni eşitdim deyə dedim bir zəng edim neçə ildir binanın altından üstünə çıxan zirzəminin zibilini yadlarına salım. Gözümə inanmadım, elə bildim zarafat edirlər: telefondan cavab verilir ki, “dərhal həll olunacaq və həll olunan kimi özünüz zəng vurun bu nömrədə (1646) deyin ki, gəldilər təmizlədilər, yoxsa bizdən tez-tez bunu soruşacaqlar, çünki zənginiz qeydiyyata alındı”... - bu isə, İcra hakimiyyətində 1646 nömrəsinə zəng edib şikayətini bildirən Azadlıq Prospekti 184 ünvanında binada yaşayan Məmmədova Natəvanın zəngdən sonra təsadüfən dəstəyi asmadan yanındakı qonşusu ilə etdiyi söhbətdəndir. Hansı ki, Xidmətin qaydalarına görə sakin telefonu asmadan əməkdaşlar dəstəyi asa bilməzlər və yaşlı Natəvan xanım da dəstəyi asmağı unutduğu üçün onun etdiyi söhbətdə zəngin davamı olaraq qeydiyyata alınıb, səsyazmaya düşür...
Natəvan xanım kimi bir çox sakinlər xidmət fəaliyyətə başlayan günlərdə müraciətin elektron formaya keçməsini - “Sakinlərin Müraciət Xidməti – 1646”-nı keçmiş sovet mifindən doğan anlayışla “icra başçısının zəhmi” kimi qəbul edirlər... Təbii ki, bu da həmin sakinlərin günahı deyil, icra strukturları ilə sakinlər arasında indiyə kimi yaşanan müəyyən boşluqdan doğub...
Buna baxmayaraq artıq Xidmətin mahiyyətini olduğu kimi qəbul edən sakinlərin sayı atır və tədricən yararlananların sayı da çoxalır. Məsələn, “Azadlıq” prospekti 182, mənzil 85 də yaşayan Məmmədova Mehri uzun zamandır binada qazın zəif olması və binanın örtüyü ilə əlaqədar olaraq evə su daxil olması ilə bağlı rayonun müvafiq qurumları ilə koordinasiya yarada bilmirmişlər. Xidmət istifadəyə verilən kimi birbaşa icra hakimiyyətinə müraciət edirlər və müraciətləri elektron formada qeydə alınır. Beləliklə problemləri həll olunur. Ona görə dərhal həll olunur ki, rayonda edilən müraciətlərdən asılı olaraq cavabdeh qurumlar məsələni həll etmədiyi təqdirdə müraciət icra hakimiyyəti tərəfindən Prezident Administrasiyasına yönəldilir və həmin qurum barəsində ölçü götürülür...
Bu baxımdan aidiyyatı qurumlar 1646-ya daxil olan müraciətini məsuliyyətini artıq vaxtında dərk edərək, bir başa fəaliyyətə keçirlər. Daxili İşlər Nazirliyində yaradılan “102 xidməti” kimi...
Vətəndaşlar artıq xidmətə zəng edib buna görə icra başçısına təşəkkürlərini bildirirlər...
Sakinlər ən çox nədən şikayət edir?
Ümumilikdə ilin əvvəlində ölkədə ilk belə başlayan fəaliyyətinin bu keçən aylarda göstərdiyi nəticələr ilə maraqlandıq. Binəqədi Rayon İcra Hakimiyyətindən bildirdilər ki, rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək və bütün bu məsələləri əlaqələndirmək üçün icra başçısının sərəncamı ilə Sakinlərin Müraciət Xidməti 6 fevral 2013-cü il tarixdən istifadəyə verilib. Rayon İcra Hakimiyyəti başçısının imzası ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, rayonun bütün inzibati nümayəndəliklərində vətəndaşlarla görüş keçirilib və bu barədə onlara ətraflı məlumat verilib. Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə 50.000 ədəd buklet, bildiriş və konvert sifariş edilərək hazırlanıb və 1 aprel tarixədək 30.000 ədəd bukletin vətəndaşların ünvanlarına göndərilməsi təmin edilib. 1 aprel 2013-cü il vəziyyətinə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilib ki, daxil olmuş zənglərin sayı – 2358, cavablandırmaya birbaşa qəbul olunmuş zənglərin sayı – 1967, yaradılmış əks əlaqələrin sayı – 1046, tərtib edilmiş sual vərəqələrinin sayı – 56, tərtib edilmiş şikayət vərəqələrinin sayı – 662 olub. Bundan başqa, cavablandırma səviyyəsi – 96,3%, 202 sayda buraxılmış zənglərlə təkrar əlaqə yaradılıb, xidmət səviyyəsi – 91,7% təşkil edib.
Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində I rüb ərzində 1967 müraciət canlı rejimdə cavablandırılıb. Daxil olmuş telefon müraciətlərinin 1249-u və ya 66,4%-i birbaşa cavablandırılıb, 662-si və ya 33,6%-i üzrə şikayət vərəqəsi, 56-sı və ya 2,8%-i üzrə sual vərəqəsi tərtib edilib.
Şikayət xarakterli 662 müraciətin 497-nin və ya 75%-nin icrası təmin edilib, 165-nin və ya 25%-nin həlli nəzərdə tutulub. Daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə, müraciətlərin 159-u və ya 24%-i su-kanalizasiya, 115-i və ya 17,3%-i qaz təchizatı, 74-ü və ya 11,1%-i istilik təchizatı, 61-i və ya 9,2%-i yolların yararsız olması, 44-ü və ya 6,6%-i elektrik enerjisi, 209-u və ya 31,5%-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.