Şamaxıda gün ərzində ikinci zəlzələ qeydə alınıb. Saat 10:21 radələrində Şamaxıda Pirquludan 11 km cənubda zəlzələ qeydə alınıb, yeraltı təkan Şamaxıda 3.0 bala qədər hiss olunub. Saat 11:56 radələrində də Şamaxıda Pirquludan 11 km cənubda 3 bal gücündə zəlzələ baş verib.
Bəs bu təkanlar nədən xəbər verir?
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Lent.az-a açıqlamasında deyib ki, Şamaxı-İsmayıllı bölgəsi Azərbaycanda ən aktiv seysmik bölgədir.
Qurban Yetirmişlinin sözlərinə görə, bu bölgədə elə gün olmur ki, yeraltı təkanlar baş verməsin: “Bu gün Şamaxıda Pirquludan 11 km cənubda 4 təkan qeydə alınıb. Bunlardan ikisi çox zəif maqnitudalı, ikisi isə 3 bal gücündə olub. 3 bal isə heç Priqulunun özündə də hiss olunmayıb. Proses gedir, bu cür zəif təkanların baş verməsi gərginliyin azalması baxımından yaxşı hal da sayıla bilər”.
Bununla belə, Qurban Yetirmişli Şamaxı-İsmayıllı bölgəsində güclü təkanların baş verə biləcəyini də istisna etməyib: “Ola bilər ki, güclü təkanlar da olsun. Bu, orada gərginliyin toplanmasından, deformasiyadan asılıdır. Ancaq tək Azərbaycan deyil, dünyanın inkişaf etmiş ölkələri belə yaxın vaxtlarda güclü zəlzələnin baş verib-verməyəcəyini hələ proqnozlaşdırmaq imkanlarına malik deyil”.