Gələn ay Gəncə şəhərinin və Şəki rayonunun kadastr layihələrinin tərtibinə başlanılacaq
Bakı şəhərinin tarixində ilk dəfə olaraq 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, şəhər təsərrüfatının idarəçiliyinə tam yararlı, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək, ərazinin rəqəmsal kadastr xəritəsi yaradılacaq.
Əmlak Məsələləri Dövlət Komitəsindən Lent. az-a verilən məlumata görə, hazırda Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında daşınmaz əmlakın kadastrı işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Dünya Bankının xətti ilə Azərbaycanda “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində 2012-ci ildə Sumqayıt şəhərinin daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritəsinin tərtibi işi müvəffəqiyyətlə başa çatdırılıb. Bu işlərlə paralel olaraq, 2014-cü ilin əvvəlinə respublikanın 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində (100 min hektar ərazi) sadə modelli elektron kadastr məlumat bazası yaradılacaq, bu ərazilərin rəqəmsal kadastr xəritələri tərtib ediləcək. Bu ilin oktyabrında Gəncə şəhərinin və Şəki rayonunun sistematik ölçmələrlə həyata keçirilərək kadastr layihələrinin tərtibinə başlanılacaq. Dünya təcrübəsinə əsasən, kadastr ilə bağlı ölçmə işlərinə özəl qurumlar, fərdi kadastr mühəndisləri də cəlb edilir. Ölkə prezidentinin 27 iyul 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydaları”na əsasən komitə tərəfindən özəl qurumların cəlb edilməsi ilə bağlı qaydalar təsdiq olunub və onların müsabiqə yolu ilə seçilməsi nəzərdə tutulub.
Ünvan işinin təşkili və aparılması 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edildikdən sonra ünvanvermə işinin avtomatlaşdırılması, ünvan məlumatlarının emalı, ünvanaxtarmada naviqasiya sisteminin tətbiqi mühüm vəzifələr olaraq ortaya qoyulub. Azərbaycan Hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində Bakıda nəqliyyatın intellektual idarəolunması üçün 3D formatında rəqəmsal xəritələrin tərtibi işləri həyata keçirilir. Atılmış bu addımlar yeni qaydalara əsaslanan, müasir və keyfiyyətli ünvanvermə sisteminin qurulmasına xidmət edir.